Bir qol, kütləvi dava və 53 qırmızı vərəqə – futbol tarixində ilk!
Braziliyada futbol matçında görünməmiş hadisə yaşanıb. U-20 komandaları arasında keçirilən qarşılaşmada hakim futbolçulara və məşqçilərə ümumilikdə 53 qırmızı vərəqə göstərib. Bu, dünya rekordu hesab olunur.
TodayPress TV xəbər verir ki, bu barədə “CNN Brasil” nəşri məlumat yayıb.
Minas-Jerays ştatının ikinci divizionunda çıxış edən U-20 komandalarının yarımfinal mərhələsində “Uberlandiya” və “Mamore” klubları üz-üzə gəlib. Matçın 54-cü dəqiqəsində “Mamore”nin futbolçusu Davi qol vurduqdan sonra “Uberlandiya”nın oyunçularına qarşı təxribat xarakterli jestlər edib və rəqiblərini şifahi şəkildə təhqir edib. Bu hadisə meydanda kütləvi davaya səbəb olub.
İnsidentdən sonra baş hakim Fernando Patrik “Mamore”nin 21, “Uberlandiya”nın isə 22 futbolçusunu meydandan qovub. Bundan əlavə, hər iki komandanın məşqçi heyətindən səkkiz nəfər və iki menecer də qırmızı vərəqə alıb. Beləliklə, ümumilikdə 53 nəfər cəzalandırılıb.
Hadisədən sonra hakim “Mamore”nin 3:1 hesabı ilə öndə olduğu qarşılaşmanı dayandırmaq qərarına gəlib. Patrik matçın davam etdirilməsinin mümkün olmadığını protokolda qeyd edib. O, həmçinin “Uberlandiya”nın menecerinin ünvanına təhdidlər səsləndirməsi ilə əlaqədar polisə müraciət edildiyini bildirib.
Bu qarşılaşma dünya futbolunda bir matç ərzində göstərilən qırmızı vərəqələrin sayına görə yeni rekord müəyyənləşdirib. Əvvəlki rekord 36 qırmızı vərəqə olub. Bu göstərici 2011-ci il fevralın 27-də Argentina çempionatının beşinci divizionunda “Atletiko Kleypol” və “Viktoriano Arenas” komandaları arasında keçirilən oyunda qeydə alınıb.
Namiq HUN