“Turan” Avropanı fəth etməyə hazırlaşır: rəqiblər bəllidir!
Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, təmsilçimiz turnirin üçüncü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritza Plovdiv” komandasını qəbul edib. Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma “Turan”ın 3:0 (25:22, 25:17, 25:23) hesablı qələbəsi ilə başa çatıb.
İlk görüşdə də səfərdə rəqibini 3:0 (25:22, 25:22, 25:20) hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.
Beləliklə, “Turan” CEV Çempionlar Liqasının qrup mərhələsinin D qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Türkiyənin “Eczacibasi Peron ISTANBUL”, İtaliyanın “Savino Del Bene SCANDICCI” və Serbiyanın “Tent OBRENOVAC” klubları olacaq.
“Turan” qrup mərhələsində ilk oyununu noyabrın 25-də səfərdə İtaliyanın “Savino Del Bene SCANDICCI” komandasına qarşı keçirəcək.
Namiq HUN