Tofiq Musayev üçün kritik gecə: UFC-də taleyüklü döyüş

İdman

14.02.2026 09:05

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev “UFC Vegas 115” turniri çərçivəsində braziliyalı Samuel Sançeslə qarşılaşacaq. 

TodayPress TV xəbər verir ki, aprelin 4-də baş tutacaq döyüşdə Musayev oktaqonda cənubi amerikalı rəqibini sınağa çəkəcək.

Bu görüş azərbaycanlı döyüşçü üçün UFC-də ikinci çıxış olacaq. Onun təşkilat çərçivəsində debütü 21 iyun 2025-ci ildə Bakıda keçirilən “UFC Fight Night” turnirində baş tutmuşdu. Həmin qarşılaşmada Musayev qırğızıstanlı Miktıbek Orolbaya ilk raundda məğlub olmuşdu. 

Buna baxmayaraq, təcrübəli döyüşçünün ümumi karyera statistikası hələ də təsirli görünür - onun aktivində 22 qələbə və 6 məğlubiyyət var.

Samuel Sançes isə UFC ilə müqavilə imzalayan yeni simalardan biridir. Braziliyalı döyüşçü 2025-ci ilin sentyabrında “Dana White’s Contender Series” şousundakı baxımlı performansdan sonra təşkilatın diqqətini cəlb edib. Aktivində 11 qələbə və cəmi 1 məğlubiyyət olan Sançes üçün bu qarşılaşma UFC-nin əsas turnirlərində ilk rəsmi döyüş olacaq.

Qeyd edək ki, Tofiq Musayev üçün bu döyüş karyerasında dönüş nöqtəsi hesab oluna bilər. Debüt məğlubiyyətindən sonra növbəti görüşdə qələbə qazanmaq həm reytinq baxımından, həm də UFC-də möhkəmlənmək üçün vacibdir. Digər tərəfdən, yeni müqavilə əldə etmiş Samuel Sançes üçün də bu döyüş özünü sübut etmək və təşkilatda mövqeyini möhkəmləndirmək baxımından xüsusi önəm daşıyır.

Namiq HUN

TodayPress TV

tag: MMA,Tofiq Musayev,“UFC Vegas 115” turniri ,Samuel Sançes,Todaypress.tv,