Tarixi rekord sahibi Oveçkin karyerasını bitirməyi düşünür
İdman
10.03.2026 11:07
Aleksandr Oveçkin karyerasını başa vurmaq ehtimalı barədə danışıb.
TodayPress TV xəbər verir ki, xokkeyçi bu barədə RMNB nəşrinə açıqlama verib.
“Vaşinqton Kepitalz” klubunun hücumçusu qərarın ilk növbədə sağlamlıq vəziyyətindən asılı olacağını bildirib.
“Karyeramı bitirmək qərarı bədənimin necə hiss etməsindən asılıdır. İndi xokkey çox sərt və çox sürətlidir. Mənim 40 yaşım var və gənc oyunçularla rəqabət aparmaq çətindir, başa düşürsünüz?
Amma ən vacibi sağlamlıqdır. İstəmirəm ki, bir-iki ildən sonra dizim, dirsəyim və ya belim ağrımağa başlasın. Ömrümün sonuna qədər narahatlıq hiss etmək istəmirəm. Buna görə də bu qərara ağılla yanaşmaq lazımdır. Amma mən hələ də bu oyunu sevirəm. Arenaya gəlməyi, soyunub-geyinmə otağına getməyi və komanda yoldaşlarımla vaxt keçirməyi xoşlayıram”, – deyə Oveçkin bildirib.
Qeyd edək ki, cari mövsümdə ABŞ Milli Xokkey Liqasında (NHL) rusiyalı hücumçu 65 oyunda 50 xal (24 qol və 26 məhsuldar ötürmə) toplayıb.
Oveçkin həmçinin NHL tarixinin ən yaxşı bombardiri sayılır. Onun hesabında 921 qol var.
Namiq HUN
tag: Aleksandr Oveçkin,Karyera,Xokkey,NHL,Todaypress.tv,
