Şok etiraf: ulduzlar bəzən klubdan daha böyükdür
İdman
14.02.2026 15:45
PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino Lionel Messi, Neymar və Kilian Mbappe kimi superulduzların yer aldığı komandada işləməyin çətinliklərindən danışıb.
TodayPress TV The Touchline nəşrinə istinadən xəbər verir ki, onun sözlərinə görə, belə səviyyəli futbolçuların idarə olunması məşqçi üçün həm taktiki, həm də psixoloji baxımdan ciddi sınaqdır.
Poçettino bildirib ki, bu tip oyunçular bəzən təmsil etdikləri klubdan daha böyük brendə çevrilirlər və bu da komandadaxili balansın qorunmasını mürəkkəbləşdirir.
O, xüsusilə Lionel Messinin oyun üslubuna toxunaraq qeyd edib ki, argentinalı futbolçudan intensiv pressinq gözləmək real deyil:
“Messinin pressinq etməsini gözləmək olmaz. O, ən yaxşı dövrlərində belə, hətta Qvardiola ilə işlədiyi vaxtlarda da pressinqə əsaslanan oyunçu olmayıb. Komanda qalib gəlməyəndə isə məsuliyyət adətən məşqçinin üzərinə düşür”.
Xatırladaq ki, Maurisio Poçettino 2021–2022-ci illərdə PSJ-ni çalışdırıb. Messi, Neymar və Mbappe isə 2021–2023-cü illərdə eyni vaxtda Paris klubunun heyətində çıxış edərək futbol tarixinin ən ulduzlu hücum xətlərindən birini formalaşdırıblar.
Namiq HUN
tag: Lionel Messi,Maurisio Poçettino,Neymar,Kilian Mbappe,Todaypress.tv,
