Millimizə ağır zərbə: İsveçrə ilə oyunda iki əsas basketbolçu olmayacaq!
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində İsveçrə yığmasına qarşı oyuna ciddi itkilərlə çıxacaq.
TodayPress TV “azertag.az”a istinadən xəbər verir ki, Aleksandra Mollenhauer və Arika Karter bugünkü qarşılaşmada komandaya kömək edə bilməyəcəklər.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz məlumat verib.
O, Mollenhauerin səhhətində problemlər olduğunu, Arika Karterin isə çıxış etdiyi Yunanıstanın “Panatinaikos” klubundakı sıx oyun qrafiki səbəbindən Bakıya gələ bilmədiyini bildirib:
“Mollenhauerin səhhətində müəyyən problemlər var. Karter isə Yunanıstan təmsilçisi “Panatinaikos”da çıxış edir. Sıx oyun təqviminə görə Bakıya gələ bilmədi. İkinci matçda isə bizimlə olacaq”.
Qeyd edək ki, Azərbaycan – İsveçrə qarşılaşması bu gün Milli Gimnastika Arenasında keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Namiq HUN