İran raketləri Avropanın ürəyinə qədər çata bilər - məhdudiyyət ləğv edildi
İran ballistik raketlərin mənzilinə qoyduğu 2 000 kilometrlik məhdudiyyəti aradan qaldırıb. Bu qərar Tehranın Avropadakı ABŞ hərbi bazalarını və Hind okeanındakı hərbi obyektləri hədəfə almaq imkanları ilə bağlı narahatlıqları artırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Clash Report” nəşri məlumat yayıb.
SEPAH sözçüsü, briqada generalı Hüseyn Möhebbinin sözlərinə görə, ölkənin ballistik raketlərinin mənzilinə tətbiq etdiyi məhdudiyyət artıq qüvvədə deyil.
“Bu məhdudiyyət bizim üçün aradan qaldırılıb”, - deyə o bildirib.
Məlumata görə, SEPAH sözçüsü İranın artıq 2 000 kilometrdən çox mənzilə malik raketlərə sahib olub-olmadığı barədə suala aydın cavab verməyib. Bir neçə gün əvvəl isə İranın ali lideri Müctəba Xamenei ABŞ və İsrailin təhdidlərinə coğrafi məhdudiyyət tanımadan cavab veriləcəyini bəyan edib.
Nəşr xatırladır ki, SEPAH uzun illər 2 000 kilometrlik həddi Avropa ölkələrinə təhlükə yaratmamaq üçün müəyyən edilmiş məhdudiyyət kimi təqdim edib.
Mövcud İran raketləri Körfəz ölkələrini, eləcə də Yunanıstan, Bolqarıstan və Rumıniya daxil olmaqla Cənub-Şərqi Avropanın bəzi ərazilərini vurmaq imkanına malikdir. Mənzilin artırılması isə İrana İsraili hədəf məsafəsində saxlamaqla raket qurğularını öz ərazisinin daha şərqində yerləşdirməyə imkan verə bilər.
Bundan başqa, 2019-cu ildə Böyük Britaniya, Fransa və Almaniya daha yüngül döyüş başlığı daşıyan “Xürrəmşəhr” raketinin mənzilinin təxminən 3 000 kilometrə çata biləcəyini hesablamışdı.
Bu ilin martında isə Böyük Britaniya İranı Hind okeanında yerləşən, ABŞ və Britaniyanın birgə istifadə etdiyi Dieqo-Qarsiya hərbi bazasına doğru raketlər atmaqda ittiham etmişdi. Həmin baza İrandan təxminən 4 000 kilometr məsafədə yerləşir. Tehran isə bazanı hədəfə aldığını təkzib edərək hadisəni İsrailin saxta əməliyyatı adlandırmışdı.
Məlumatda həmçinin bildirilir ki, İran bu il ABŞ hərbi təyyarələrinin yerləşdirilməsi ilə əlaqədar Bolqarıstana dəfələrlə xəbərdarlıq edib. İyulda Bolqarıstan parlamentinin Bezmer aviabazasında səkkizədək ABŞ yanacaqdolduran təyyarəsinin yerləşdirilməsinə razılıq verməsindən sonra Tehran bu qərara görə Bolqarıstan rəsmilərinin məsuliyyət daşıyacağını bəyan edib.
“Wall Street Journal”ın məlumatına görə, ABŞ bazar ertəsi İran təhdidi ilə əlaqədar RAF Mildenhall aviabazasından yanacaqdolduran təyyarələri Almaniyaya və digər ərazilərə köçürüb. Bununla belə, ABŞ rəsmiləri təhdidin xarakterini hələ də qiymətləndirirdilər. Böyük Britaniyanın Müdafiə Nazirliyi isə təyyarələrin əməliyyat zərurəti ilə mütəmadi olaraq yer dəyişdirdiyini bildirərək köçürülmənin konkret səbəbini təsdiqləməyib.
Doha Lisansüstü Araşdırmalar İnstitutunun təhlükəsizlik üzrə tədqiqatçısı Muhanad Səlum “Əl-Cəzirə”yə açıqlamasında bu addımın yeni hücumların qarşısını almaq və Vaşinqtonu razılaşmaya sövq etmək məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, Avropanın daha dərinliklərindəki hədəflərə doğru uzun məsafə qət edən raketlərin NATO ölkələri tərəfindən aşkarlanması və qarşısının alınması üçün daha çox vaxt olacaq.
ABŞ Prezidenti Donald Tramp isə bazar ertəsi Qətərin baş naziri ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra hərbi əməliyyatların dayandırılması istiqamətində “müsbət dinamika” olduğunu bildirib.
Jalə Rövşən