Pis xəbər: İsveçrəli ulduz üçün Olimpiada erkən bitdi
İdman
14.02.2026 10:15
İsveçrə Hokkey Federasiyası Kanada millisi ilə keçirilən oyunda zədələnən Kevin Fialanın vəziyyəti barədə rəsmi açıqlama verib.
TodayPress TV xəbər verir ki, hücumçu aldığı zədə səbəbindən XXV Qış Olimpiya Oyunlarının qalan hissəsində iştirak edə bilməyəcək.
Federasiyanın açıqlamasında qeyd olunur ki, Fiala oyunun bitməsinə üç dəqiqə qalmış zədə səbəbindən buzu tərk etmək məcburiyyətində qalıb. Aparılan tibbi müayinələr nəticəsində ayaq nahiyəsində ciddi travma aşkar edilib və bu zədə onun turniri davam etdirməsinə imkan vermir.
Xatırladaq ki, insident Kanada millisinin forvardı Tom Uilsonla toqquşma zamanı baş verib. Zərbədən sonra hokkeyçi uzun müddət buz üzərində hərəkətsiz qalıb, ayağını tərpədə bilməyib və xərəkdə meydandan çıxarılıb.
Qeyd edək ki, 29 yaşlı Kevin Fiala klub səviyyəsində NHL-in “Los-Anceles Kinqz” komandasında çıxış edir və İsveçrə millisinin əsas liderlərindən biri hesab olunur. Onun turnirdən kənarda qalması komanda üçün ciddi itki kimi qiymətləndirilir.
Namiq HUN
tag: Kevin Fiala,Kanada – İsveçrə,Olimpiya,Zədə,Todaypress.tv,
