“Nyukasl”ı şoka salan penalti: Yamal tarixə düşdü!
İdman
11.03.2026 10:00
“Barselona”nın vingeri Lamin Yamal klub tarixində UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
TodayPress TV xəbər verir ki, bu barədə statistik portal “Opta” məlumat yayıb.
18 yaşlı futbolçu avrokuboklarda “Barselona”nın ən gec vurulan penalti qolunun müəllifi olub.
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 final mərhələsinin ilk oyununda “Barselona” səfərdə “Nyukasl Yunayted”lə 1:1 hesablı heç-heçə edib. Qarşılaşmada hesabı 86-cı dəqiqədə Barns açsa da, kataloniyalılar matçın son saniyələrində bərabərlik qolunu vurublar.
Lamin Yamal 90+6-cı dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirərək komandasını məğlubiyyətdən qurtarıb. Penalti Dani Olmoya qarşı Malik Tiavın qayda pozuntusuna görə verilib.
Yamalın qolu vurduğu anda tablo 95:50 vaxtını göstərirdi. Bu isə “Barselona”nın Çempionlar Liqası tarixində penalti ilə vurulan ən gec qol kimi qeydə alınıb.
Namiq HUN
tag: Barselona,Lamin Yamal,Nyukasl Yunayted,Penalti,Todaypress.tv,
