Neymar etiraf etdi: “Elə bildim ki, öləcəyəm”
İdman
11.04.2026 13:38
Neymar 2022-ci il dünya çempionatında Braziliyanın Xorvatiya yığma komandasına məğlubiyyətini xatırlayarkən emosional açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Hücumçu həmin oyundan sonra yaşadığı hissləri bölüşüb.
“Ömrüm boyu beşinci penaltiləri mən yerinə yetirmişəm. Beşinci zərbə ən çətindir, amma o, bəzən ümumiyyətlə vurulmaya da bilər. Mən elə bildim ki, öləcəyəm. Oyundan sonra otelə qayıtdıq, sanki dünya dağıldı. Ailəmlə görüşəndə hər kəsin üzündə kədər var idi. Sanki öz dəfnimi təsəvvür edirdim. And içirəm. Kiçik otaqda oturmuşdum, hamı gəlirdi. Hər kəsin gözləri qızarmışdı, heç kim danışmırdı… Özümü tabutda hiss edirdim və hamı sanki deyirdi: ‘Sən hələ sağsan?’ – deyə Neymar bildirib.
Qeyd edək ki, 1/4 final mərhələsində Braziliya əlavə vaxtda Neymarın qolu ilə hesabı açsa da, Xorvatiya oyunu bərabərləşdirib və penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib. Braziliyalılar ilk dörd zərbədən ikisini qaçıraraq həlledici üstünlüyü rəqibə veriblər. Neymar isə seriyada beşinci penalti zərbəsini yerinə yetirməli idi.
Hazırda Braziliya millisinin tarixində ən çox qol vuran futbolçu olan Neymar (79 qol) növbəti dünya çempionatında komandaya qayıtmağı hədəfləyir. O, 2023-cü ilin oktyabrından bəri dizində ön çarpaz bağ və menisk zədəsi səbəbindən millidə çıxış etməyib.
Braziliya yığma komandası sonuncu dəfə 2002-ci ildə dünya çempionu olub. Millinin ötən müddətdə ən yaxşı nəticəsi 2014-cü ildə əldə olunan dördüncü yerdir.
Namiq HUN
tag: Neymar,Braziliya,Xorvatiya,Futbol,Todaypress.tv,
