“Neftçi”də yeni dövr başladı: Vernidub rəsmən iş başında!

İdman

09.12.2025 15:46

“Neftçi” futbol klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Klubdan TodayPress TV-yə verilən məlumata görə, komandanın sükanı ukraynalı mütəxəssis Yuri Verniduba tapşırılıb. 

Tərəflər arasındakı müqavilənin müddəti 1,5 il olaraq müəyyənləşib.

Məşqçilik karyerasına 2001-ci ildə köməkçi məşqçi kimi başlayan Vernidub 2011-ci ildən etibarən baş məşqçi kimi fəaliyyət göstərib. O, karyerası ərzində vətənində “Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”, Belarusun “Şaxtyor” (Soliqorsk) və Moldovanın “Şerif” klublarını çalışdırıb.

Təcrübəli mütəxəssis müxtəlif illərdə “Zarya” və “Krivbass”la Ukrayna çempionatının bürünc medallarına sahib olub, “Şerif”lə isə iki dəfə Moldova çempionu adını qazanıb. 

Vernidub “Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı Avropa Liqasının qrup mərhələsinə çıxaran, “Krivbass”ı isə 24 ildən sonra avrokuboklara daşıyan məşqçi kimi tanınır.

O, həmçinin 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Mənbələrin məlumatına əsasən, Vernidub “Neftçi”də aylıq təxminən 50 min dollar maaş alacaq.

Məşqçilər korpusunda ukraynalı mütəxəssisə Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin kömək edəcəklər.

Namiq HUN

TodayPress TV

tag: Neftçi,Yuri Vernidub,Baş məşqçi,Müqavilə,Todaypress.tv,