“Mersedes”lə amansız rəqabət: Lyuis Hemilton susqunluğunu pozdu
“Formula-1” üzrə yeddiqat dünya çempionu, “Ferrari”nin pilotu Lyuis Hemilton 2026-cı il mövsümündə titullar uğrunda mübarizədəki mövqeyinə baxmayaraq, komandadan imtiyazlı münasibət tələb etmədiyini bildirib.
TodayPress TV “Motorsport” nəşrinə istinadən xəbər verir ki, təcrübəli sürücü diqqəti fərdi üstünlüklərə deyil, komanda işinə yönəltməyin vacibliyini vurğulayıb:
“Həqiqətən də komandadan xüsusi imtiyaz istəməmişəm. Əsas məsələ işimizi düzgün yerinə yetirmək və komanda üçün ən yaxşı nəticəni əldə etməkdir. Bir-birimizə mane olub 4-cü və 5-ci yerləri tutmaqdansa, birlikdə çalışaraq fəxri kürsü uğrunda mübarizə apara və komandaya daha çox xal qazandıra bilərik.
Son yarışa baxsaq, “Mersedes” düzlüklərdə hər dövrədə bizdən təxminən saniyənin onda altısı qədər sürətli idi. Digər trasların əksəriyyətində isə fərq saniyənin onda üçü-dördü təşkil edirdi. Məhz düzlüklərdə vaxt itirirdik. Bu geriləməni nəzərə alsaq, əla iş gördüyümüzü və bolidi təkmilləşdirməyə davam etdiyimizi düşünürəm. Güc qurğusundakı son yenilənmənin hər şeyi bir anlıq həll etməyəcəyini bilsək də, addım-addım irəliləməyimiz çox sevindiricidir. Rəqiblərimiz həqiqətən çox sürətlidirlər və onlarla mübarizə aparmaq asan deyil.
Buna görə də diqqətimizi rəqiblərə deyil, öz performansımıza yönəltməliyik. Elə mərhələlər olacaq ki, onlar inanılmaz dərəcədə güclü görünəcəklər, lakin səhv edəcəkləri yarışlar da istisna olunmur. Sabitlik nümayiş etdirib hər həftəsonunu optimal şəkildə keçirsək, həmin səhlənkarlıqlardan yararlanmaq imkanımız olacaq”.
Namiq HUN