GECF sammitində MÜHÜM YEKUN: Moskva Bəyannaməsi qəbul edildi
Qaz İxrac edən Ölkələr Forumunun (GECF) sammitinin iştirakçıları tədbirin yekunlarına əsasən Moskva Bəyannaməsini qəbul ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
“Gəlin, Moskva Bəyannaməsini təsdiq edilmiş hesab edək”, – deyə Rusiya Prezidenti Vladimir Putin sammitin sonunda bildirib və sənədin mətninin razılaşdırıldığını qeyd edib.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, sənədin mətni forumun nazirlər görüşü çərçivəsində bir gün əvvəl yekun razılaşdırılma mərhələsindən keçib.
Uşakovun sözlərinə görə, bəyannamədə forumda iştirak edən dövlətlərin etibarlı təbii qaz tədarükçüləri kimi rolu və bu enerji resursunun qlobal enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi əhəmiyyətli töhfə qeyd edilməli idi. Bundan əlavə, sənəddə GECF ölkələrinin ticarət marşrutlarının şaxələndirilməsi, müasir texnologiyaların tətbiqi, ətraf mühitə təsirin minimuma endirilməsi, təbii qazın ədalətli qiymətinin təmin edilməsi, qiymətlərin proqnozlaşdırıla bilməsi və bütövlükdə qaz bazarında qiymət dəyişkənliyinin azaldılması istiqamətində əməkdaşlığı daha da inkişaf etdirmək istəyi də əksini tapmalı idi.
Qeyd edək ki, GECF hökumətlərarası təşkilatdır. Onun məqsədi qaz istehsal edən və ixrac edən ölkələr arasında əməkdaşlığın və dialoqun gücləndirilməsi, həmçinin dünya qaz bazarının sabitliyinə və təhlükəsizliyinə töhfə verməkdir. Forumun ilk nazirlər iclası 2001-ci ildə Tehranda keçirilib.
Qaz İxrac edən Ölkələr Forumuna Rusiya, İran, Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, Liviya, Nigeriya, Qətər, Trinidad və Tobaqo, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela daxildir. Anqola, Azərbaycan, İraq, Malayziya, Mavritaniya, Mozambik, Peru və Seneqal müşahidəçi dövlətlərdir.
Üzv ölkələr dünyada təsdiqlənmiş qaz ehtiyatlarının təxminən 70 faizinə sahibdirlər. Onların payına dünya üzrə qaz hasilatının 38 faizi, qaz ixracının 42 faizi və mayeləşdirilmiş təbii qaz (LNG) ixracının 47 faizi düşür.
Aysel Mətləb