Kubokda qalmaqal: Simeone gənc ulduzu qıcıqlandırdı

İdman

13.02.2026 09:51

İspaniya Kral Kubokunun yarımfinal mərhələsində Madrid “Atletiko”su ilə “Barselona” arasında keçirilən ilk oyunda diqqət çəkən məqamlardan biri meydandan kənarda yaşanıb. 

TodayPress TV “Marca” nəşrinə istinadən xəbər verir ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone qarşılaşma zamanı “Barselona”nın gənc ulduzu Lamin Yamala yönəlik təxribat xarakterli jest edib.

Mənbənin yazdığına görə, Madrid təmsilçisi hesabda 3:0 öndə olduğu anda Simeone Yamala tərəf üç barmağını qaldıraraq komandasının üstünlüyünü nümayiş etdirib. Bu jestin psixoloji təsir yaratmaq və rəqib oyunçunu təzyiq altına salmaq məqsədi daşıdığı bildirilir.

Qeyd edək ki, 18 yaşlı Lamin Yamal cari mövsüm “Barselona”nın ən diqqət çəkən futbolçularından biridir. O, bütün turnirlərdə meydana çıxdığı 31 oyunda 15 qol və 13 məhsuldar ötürmə ilə komandanın hücum xəttində mühüm rol oynayır. Buna baxmayaraq, yarımfinalın ilk matçında Kataloniya klubu ağır məğlubiyyətlə üzləşib.

Madrid “Atletiko”su ilə “Barselona” arasında İspaniya Kral Kubokunun cavab yarımfinal matçı martın 3-də Barselonadakı “Spotify Camp Nou” stadionunda keçiriləcək. Kataloniya təmsilçisi final şansını qorumaq üçün bu görüşdə ciddi geri dönüş etməli olacaq.

Namiq HUN

TodayPress TV

tag: Barselona,Atletiko Madrid,Futbol,Klub,Todaypress.tv,