FIFA-nın çağırışına baxmayaraq UEFA Rusiyaya yaşıl işıq yandırmadı

İdman

12.02.2026 17:37

UEFA prezidenti Aleksander Çeferin Rusiyanın beynəlxalq turnirlərə mümkün qayıdışı ilə bağlı yayılan müzakirələr fonunda təşkilatın rəsmi mövqeyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Çeferin bu barədə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, UEFA-nın mövqeyi dəyişməz olaraq qalır və Rusiya hələ də beynəlxalq turnirlərdən kənarlaşdırılmış vəziyyətdədir.

“UEFA-nın mövqeyi aydındır, o dəyişməyib, lakin biz vəziyyəti izləyirik. Gələcəkdə nə olacağını görəcəyik. FIFA və müxtəlif ölkələrin hökumətlərinin açıqlamalarını isə şərh edə bilmərəm”, — deyə Çeferin fikrini bölüşüb. 

Qeyd edək ki, daha əvvəl FIFA prezidenti Canni İnfantino rusiyalıların turnirlərdən kənarlaşdırılmasının ciddi nəticə vermədiyini söyləmiş və ölkənin beynəlxalq yarışlara qayıdışı məsələsinə yenidən baxılmasını təklif etmişdi.

Namiq HUN

TodayPress TV

tag: Rusiya,UEFA,Aleksander Çeferin,Beynəlxalq turnir,Todaypress.tv,