Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi
“Turan Tovuz” klubu 2026/2027 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
UEFA tərəfindən qəbul olunan qərarda səbəb kimi klubun milli və ya beynəlxalq səviyyədə oyun nəticələrinin manipulyasiyasına yönəlmiş fəaliyyətlərlə birbaşa və ya dolayı əlaqəsinin olması göstərilib.
UEFA-nın Apellyasiya Orqanının sədri iyunun 2-də qəbul etdiyi qərarda Kurban Berdıyevin çalışdırdığı “Turan Tovuz”un Konfrans Liqasının 2026/2027 mövsümü üçün iştirak meyarlarına cavab vermədiyini bildirib.
Qərarın əsasını 2019-cu ildə aparılmış araşdırmanın nəticələri təşkil edir. Həmin vaxt AFFA danışılmış oyunlarla bağlı iş üzrə “Turan”ın yeddi futbolçusunu cəzalandırmışdı.
Qeyd edək ki, klub UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyini açıqlayıb.
Namiq HUN