Böyük dəyişiklik yaxınlaşır? Fransa millisində Zidan ehtimalı
İdman
14.02.2026 15:00
Madrid “Real”ının hücumçusu Kilian Mbappenin atası Uilfrid Mbappe Fransa millisinin gələcək baş məşqçisi ilə bağlı mümkün ssenarilərə münasibət bildirib.
TodayPress TV AS nəşrinə istinadən xəbər verir ki, onun sözlərinə görə, Zinəddin Zidan milli komanda üçün çox yaxşı seçim ola bilər.
Uilfrid Mbappe qeyd edib ki, Zidanın ideal namizəd olub-olmadığını zaman göstərəcək, lakin onun təyin olunması futbol ictimaiyyətində müsbət qarşılanar. O, həmçinin hazırkı baş məşqçi Didye Deşamın gördüyü işləri yüksək qiymətləndirərək vurğulayıb ki, məşqçi postundan ayrıldıqdan sonra insanlar onun uğurlarını daha çox anlayacaqlar.
Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa millisinin sükanı arxasındadır və komanda ilə 2018-ci il dünya çempionatını qazanıb. 2022-ci ildə isə “xoruzlar”ı mundialın finalına çıxarıb. Fransalı mütəxəssis Avropa çempionatlarında stabil nəticələr və nəsil dəyişiminin uğurlu idarəsi ilə diqqət çəkib.
D.Deşamın müqaviləsi 2026-cı il dünya çempionatından sonra başa çatacaq. Zinəddin Zidanın mümkün namizəd kimi adı tez-tez hallanır. O, futbolçu kimi Fransa millisinin simvolu olmaqla yanaşı, məşqçi kimi də “Real Madrid”də Çempionlar Liqası uğurları ilə tanınır. Zidan milli komandanın keçmiş liderlərindən biri kimi böyük nüfuz sahibidir. O, ulduz futbolçularla işləmək təcrübəsi və turnir formatında uğurlu strategiya qurmaq bacarığı ilə həmkarlarından seçilir.
Namiq HUN
tag: Kilian Mbappe,Real Madrid,Fransa,Zidan,Todaypress.tv,
