Azərbaycan gimnastları tarix yazır: final və lisenziya!

İdman

11.04.2026 09:15

Portuqaliyada batut gimnastikası üzrə Avropa çempionatı davam edir. Yarış proqramına batut, ikiqat mini-batut və tamblinq növləri daxildir.

TodayPress TV “idman.biz”ə istinadən xəbər verir ki, Azərbaycan gimnastları Portimaoda keçirilən turnirdə uğurla çıxış edərək sinxron batut yarışlarında final mərhələsinə vəsiqə qazanıblar.

Böyüklər arasında qoşa sinxron yarışda Maqsud Mahsudov və Hüseyn Abbasov dueti finala yüksəlməklə yanaşı, 2027-ci il Avropa Oyunlarına lisenziya əldə edib.

21 yaşadək qarışıq qoşa yarışında Ayan Şabanova və İbrahim Mustafazadə də finala adlayaraq qızıl medal uğrunda mübarizə aparmaq hüququ qazanıblar.

Yeniyetmə oğlanların sinxron yarışında isə Ammar Baxşəliyev və Fərhad Mustafayev cütlüyü final mərhələsinə vəsiqə əldə edib.

Qeyd edək ki, Avropa çempionatının qalib və mükafatçılarının adlarına aprelin 12-də aydınlıq gələcək.

Namiq HUN

TodayPress TV

tag: Ayan Şabanova, İbrahim Mustafazadə,Ammar Baxşəliyev,Fərhad Mustafayev,Todaypress.tv,