Ağır zədə, uğurlu əməliyyat: Banyaya yenidən trasa dönə biləcəkmi?

Ağır zədə, uğurlu əməliyyat: Banyaya yenidən trasa dönə biləcəkmi?
11.11.2026 11:00 İdman

MotoGP üzrə ikiqat dünya çempionu Françesko Banyaya əməliyyat olunub.

TodayPress TV xəbər verir ki, Qətər Qran-prisində zədələnən italiyalı pilot uğurlu əməliyyat keçirib.

“Ducati” komandasının yaydığı açıqlamada bildirilib ki, Turindəki “Humanitas Cellini” klinikasında həkim Luici Milanonun rəhbərlik etdiyi tibbi heyət Françesko Banyayanın sağ ayağının dördüncü daraq sümüyünə metal lövhə yerləşdirib.

İdmançının bərpa müddəti hələ dəqiqləşdirilməyib. Bunun reabilitasiya prosesinin gedişindən asılı olacağı gözlənilir. Banyaya yaxın vaxtlarda bərpa məşqlərinə başlayacaq.

Qeyd edək ki, komandanın rəhbəri Davide Tardotsi pilotun noyabrın 22-də keçiriləcək Portuqaliya Qran-prisində, bu mümkün olmadıqda isə noyabrın 29-da baş tutacaq Valensiya mərhələsində yarışlara qayıda biləcəyinə ümid etdiyini bildirib.

Valensiya Qran-prisi Banyayanın “Ducati” ilə son yarışı olacaq. O, növbəti mövsümdən “Aprilia” komandasının şərəfini qoruyacaq.

Xatırladaq ki, şənbə günü keçirilən sprint yarışının ilk dövrəsində Fermin Aldegerinin səbəb olduğu qəza nəticəsində Banyaya sağ ayağının dördüncü və beşinci daraq sümüklərindən ikili sınıq alıb. Bu səbəbdən pilot mərhələdəki mübarizəsini dayandırmalı olub və dərhal İtaliyaya qayıdıb.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər