AFFA Rui Jorge ilə bağlı qərarını rəsmiləşdirdi
İdman
10.03.2026 17:34
AFFA İcraiyyə Komitəsinin 19 fevral 2026-cı il tarixli iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi postuna Rui Jorgenin namizədliyi müzakirə edilərək təsdiqlənmişdi.
TodayPress TV xəbər verir ki, hüquqi prosedurların tamamlanmasından sonra Rui Jorge rəsmi olaraq Azərbaycanın U-20 millisinin baş məşqçisi təyin olunub.
Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.
Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə keçiriləcək. Tədbirin dəqiq vaxtı və məkanı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Rui Jorge məşqçilik fəaliyyətinə futbolçu karyerasını başa vurduğu “Belenenseş” klubunda başlayıb. Portuqaliyalı mütəxəssis 2006–2010-cu illərdə klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009 mövsümündə isə qısa müddət əsas komandanın baş məşqçisi olub.
2010-cu ildə Portuqaliyanın U-21 yığmasına baş məşqçi təyin olunan Rui Jorge 15 il bu vəzifədə çalışıb. Onun rəhbərliyi altında komanda 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, 2015 və 2021-ci illərdə isə gümüş medal qazanıb. Həmin dövrdə o, Portuqaliyanın Olimpiya millisinin də baş məşqçisi olub.
Namiq HUN
tag: AFFA,Rui Jorge,Namizəd,Komanda,Todaypress.tv,
