Türkiyə hərbi təyyarəsinin qəzasının mümkün səbəbləri məlum oldu
Hadisə
12.11.2025 00:17
Türkiyənin qəzaya uğrayan hərbi karqo təyyarəsi ilə bağlı yeni təfərrüatlar açıqlanıb.
TodayPress TV xəbər verir ki, “AnewZ” kanalının məlumatına görə, C-130 tipli təyyarə havaya qalxmazdan əvvəl təxminən iki saat Gəncə hava limanında qalıb.
Bu müddət ərzində ekipaj zəruri texniki baxış və hazırlıq işləri aparıb. Üçüncü şəxslərin təyyarəyə yaxınlaşmasına icazə verilməyib və bütün təhlükəsizlik qaydalarına riayət edildiyi bildirilib.
Məlumata görə, təyyarə 8 noyabr – Zəfər Günü münasibətilə Bakıda keçirilən hərbi paradda iştirak edən F-16 qırıcılarının texniki xidmətinə cavabdeh olan Türkiyə Hərbi Hava Qüvvələri heyətini və həmin təyyarələr üçün ehtiyat hissələrini daşıyırmış. Göyərtədə partlayıcı maddə olmayıb, qalıqlar üzərində isə xarici müdaxilə və ya partlayış izləri aşkarlanmayıb.
İstintaq orqanları qəzanın iki əsas səbəbi üzərində dayanır: birinci versiya təyyarənin istismar müddəti ilə bağlıdır. C-130 artıq 50 ildən çox istismarda olub və son əsas texniki baxışı 2020-ci ildə keçirilib. Mütəxəssislərin ehtimalına görə, metal yorğunluğu və ya korroziya uçuş zamanı konstruktiv sıradan çıxmaya səbəb ola bilər. İkinci versiya isə yüklənmə ilə əlaqədardır — yükün düzgün sabitlənməməsi uçuş zamanı balansın pozulmasına və nəticədə vibrasiyanın artaraq konstruksiyanın zədələnməsinə gətirib çıxara bilər.
Qeyd olunur ki, təyyarənin “qara qutusu” açıq sahədə tapılıb və analiz üçün göndərilib. Onun nəticələri araşdırma başa çatdıqdan sonra ictimaiyyətə təqdim olunacaq.
Qiymət Mahir
tag: Türkiyə ,C-130,Hərbi karqo təyyarəsi,Gəncə ,Todaypress.tv,
