Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA

Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA
22.07.2026 16:55 Hadisə

TodayPress TV-nin qaynar xəttinə son günlər “Jetex.az” kargo şirkətinin fəaliyyəti ilə bağlı bir neçə vətəndaş müraciət edib.

Şikayətçilərin sözlərinə görə, şirkətin fəaliyyətini dayandırmasından sonra Türkiyə anbarında və Bakıya gətirilmiş bağlamaların taleyi naməlum olaraq qalır. 

Vətəndaşlar bildirirlər ki, nə şirkətin əlaqə nömrələri aktivdir, nə də müraciətlərə cavab verilir.

Şikayətçilərdən Namidə Məmmədli bildirib ki, onun məhsulu mayın 14-də Türkiyədən göndərilən reyslə Bakıya çatdırılsa da, artıq iki aydan çoxdur bağlamanı təhvil ala bilmir:

“Mayın 14-də gələn reysdə məhsulum Bakıya çatıb. Şirkətin əlaqə nömrəsinə zəng etdikdə nömrənin təyin edilmədiyi bildirilir. İyulun 15-dən etibarən fəaliyyətlərini dayandırdıqlarını yalnız öz kanallarında paylaşıblar. Bundan əvvəl isə hər dəfə “bu gün”, “sabah çatdırılacaq” deyə cavab verirdilər. Son olaraq nömrəmi istədilər və tərəfdaş şirkətin mənimlə əlaqə saxlayacağını dedilər. Artıq bir aydır heç bir xəbər yoxdur. Məhsulumun dəyəri 100 manatdan çoxdur, üstəlik, kargo haqqını da ödəmişəm. Məhsul itirilibsə, dəymiş zərər kompensasiya edilməlidir”.

Digər müraciətçi isə iki sifarişinin Türkiyə anbarında qaldığını bildirib:

“Bir məhsulu iyunun 20-də, digərini isə iyulun 1-də sifariş etmişəm. Müvəqqəti fəaliyyət göstərməyəcəkləri barədə heç bir məlumat verilməyib. Məhsullarımın aqibətinin necə olacağı məlum deyil. Nə telefon zənglərinə, nə də müraciətlərə cavab verilir”.

Başqa bir vətəndaş isə TodayPress TV-yə müraciətində şirkətin məsul şəxsləri ilə əlaqə yaratmaqda köməklik göstərilməsini istəyib:

“Mallarımız Türkiyə anbarında qalıb. Şirkətlə əlaqə saxlamaq mümkün deyil. Məsul şəxslərlə əlaqələndirilməyimizə kömək edin”.

TodayPress TV məsələ ilə bağlı “Jetex.az” şirkətinin mövqeyini öyrənməyə çalışıb. Qarşı tərəfin cavabı olduğu təqdirdə materiala əlavə ediləcək.

TodayPress TV məsələ ilə bağlı “Jetex.az” şirkətinin mövqeyini öyrənməyə çalışıb. Lakin şirkətin əlaqə nömrəsinə edilən zənglər zamanı “nömrə təyin olunmayıb” bildirişi səslənib. Bu səbəbdən qarşı tərəfin mövqeyini əldə etmək mümkün olmayıb. Şirkətdən hər hansı açıqlama daxil olacağı təqdirdə, material yenilənəcək.

Qeyd edək ki, “Jetex.az”ın rəsmi səhifəsində yerləşdirilən bildirişdə şirkətin fəaliyyətini müvəqqəti dayandırdığı qeyd olunub. Bildirişdə bildirilib ki, 15 iyul 2026-cı il tarixinədək Türkiyə və İspaniya anbarlarına daxil olan bütün bağlamaların göndərişi həyata keçiriləcək. Həmçinin vurğulanıb ki, qeyd olunan tarixdən sonra anbarlara daxil olan bağlamalara görə şirkət məsuliyyət daşımır.

Xatırladaq ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xidmət göstərən tərəf öhdəliklərini yerinə yetirmədiyi hallarda istehlakçıların dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər