Bakıda bir kanalizasiya qapağına üç qurum çarə tapa bilmədi

Bakıda bir kanalizasiya qapağına üç qurum çarə tapa bilmədi
24.06.2026 13:45 Hadisə

Binəqədi şosesində yerləşən açıq kanalizasiya quyusu və yolun bərbad vəziyyəti ilə bağlı vətəndaş narazılığı səsləndirilib.

TodayPress TV xəbər verir ki, vətəndaşın sözlərinə görə, Binəqədi şosesinin “Yeni Yol” adlanan ərazisində yerləşən kanalizasiya quyusunun qapağı bir aydan çoxdur ki, yoxdur. O bildirib ki, ümumiyyətlə, yağışlardan sonra həmin ərazidən Binəqədi şosesi–Mehdiabad kəsişməsinədək yol yararsız vəziyyətə düşür.

Şikayətçi qeyd edib ki, Mehdiabad kəsişməsində yerləşən digər kanalizasiya qapağının ətrafında da çökmə yaranıb.

Onun iddiasına görə, nə Binəqədi Rayon İcra Hakimiyyəti, nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, nə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sözügedən problemlə maraqlanır.

Vətəndaş bildirib ki, hər gün çoxsaylı avtomobilə ziyan dəyir, yolun həmin hissəsində uzun tıxaclar yaranır. O vurğulayıb ki, bir neçə qəsəbə üçün əhəmiyyət daşıyan yol baxımsız vəziyyətdə qalıb.

Şikayətçi sonda qeyd edib ki, qurumların öz vəzifələrini lazımi şəkildə yerinə yetirməməsi vətəndaşları problemlərinin həlli üçün daha yüksək instansiyalara müraciət etməyə vadar edir.

Xanım Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər