Nabrandakı məşhur “Atlant” istirahət mərkəzi müsadirə edildi
“Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və digər cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TodayPress TV xəbər verir ki, 172 vətəndaşa qarşı ümumilikdə 14 milyon manatlıq dələduzluqla bağlı cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Məhkəmənin qərarı ilə Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirkətin icraçı direktoru Talış Məhəmmədova isə şərti cəza verilib.
Hökmlə yanaşı, Nabranda yerləşən və üzərinə həbs qoyulmuş “Atlant” İstirahət Mərkəzinin də müsadirə edilməsinə qərar verilib. Bu barədə vəkil Ceyhun Yusifov məlumatı təsdiqləyib.
Qeyd edək ki, Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni və mərkəzin şərikidir. İttihama görə, vətəndaşlardan dələduzluq yolu ilə əldə edilən 14 milyon manat “Atlant”ın təmir-tikinti işlərinə yatırılıb. Nofəl Hacıyev isə bu məsələdə qayınatası Tahir Qədəşovu ittiham edib.