Cəlal Çiftçi Azərbaycan xalqından üzr istədi
Türkiyəli jurnalist Cəlal Çiftçi Azərbaycanda narazılığa səbəb olan açıqlamalarına görə Azərbaycan dövlətindən və xalqından üzr istəyib.
TodayPress TV xəbər verir ki, jurnalist bununla bağlı yaydığı açıqlamada istifadə etdiyi ifadələrin məqsədini aşdığını etiraf edib və səmimi üzrünün qəbul olunmasını xahiş edib.
C.Çiftçi bildirib ki, məqsədi jurnalist kimi hicab məsələsinə həssaslığını, din və vicdan azadlığı ilə bağlı düşüncələrini ifadə etmək olub. Lakin fikirlərini çatdırarkən istifadə etdiyi dilin doğura biləcəyi nəticələri daha diqqətlə qiymətləndirməli olduğunu vurğulayıb.
O, Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı qızışdırmaq, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırmaq niyyətinin olmadığını bildirib. Jurnalist dini nifrət, düşmənçilik və ya ayrı-seçkilik yaratmaq niyyətində olması ilə bağlı ittihamları da qəbul etmədiyini qeyd edib.
C.Çiftçi sözlərinin belə bir çağırış kimi başa düşüldüyü halda bunun onun həqiqi düşüncəsini əks etdirmədiyini vurğulayıb. O, zorakılığı, çevrilişi, təhdidi və güc tətbiqini rədd etdiyini, heç kimi qanunsuz hərəkətlərə çağırmadığını bildirib.
Jurnalist Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmətlə yanaşdığını qeyd edib. Onun sözlərinə görə, ölkənin gələcəyi ilə bağlı qərarlar Azərbaycan xalqına və dövlətin konstitusion qurumlarına aiddir.
Hicabla bağlı mövqeyinə də aydınlıq gətirən C.Çiftçi bildirib ki, onun əsas məqsədi insanların inanclarına və geyim seçimlərinə görə kənarlaşdırılmamasıdır. O, başını örtən və örtməyən hər kəsin ləyaqətinə, hüquqlarına və azad iradəsinə hörmət etdiyini vurğulayıb.
Jurnalist açıqlamasında bəzi məzmunları bu yanaşma əsasında sildiyini, bundan sonra fikirlərini daha diqqətli ifadə edəcəyini də bildirib.
O, aidiyyəti qurumlardan açıqlamalarının bütövlükdə, konteksti və bəyan etdiyi niyyət nəzərə alınmaqla ədalətli qiymətləndirilməsini istəyib. C.Çiftçi üzrünün irəli sürülən ittihamları qəbul etməsi anlamına gəlmədiyini də qeyd edib.
Sonda jurnalist Azərbaycan dövləti və xalqından bir daha səmimi şəkildə üzr istəyib və “İki dövlət, bir millət” ifadəsini işlədib.
Kübra Musayeva