Ucqar kəndlərdə təhsil böhranı: 5 şagirdlik məktəbdə 15 nəfər işləyir
Elm və Təhsil
18.11.2025 14:54
"Azərbaycanda bəzi ucqar kənd və rayonlarda cəmi 5-6 şagirdi olan məktəblər fəaliyyət göstərir. Bu cür məktəblərdə tədrisin keyfiyyəti və maliyyə səmərəliliyi ciddi sual altındadır".
Bunu təhsil eksperti Qoşqar Məhərrəm TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, şagirdlərin sayının çox az olduğu məktəblərdə müəllim-şagird nisbəti normaya uyğun gəlmir:
"Normalda 20 şagirdə bir müəllim düşməlidir. Amma elə məktəblər var ki, 5-6 şagirdə 10-15 nəfər işçi heyəti xidmət göstərir. Bu isə nə rentabellik, nə də tədrisin səmərəliliyi baxımından doğru deyil".
Ekspertin fikrincə, çıxış yolu kiçik məktəblərin birləşdirilməsi, bir neçə kənd üçün ortaq təhsil mərkəzinin yaradılmasıdır. Bu model bir vaxtlar Azərbaycanda da tətbiq olunub, hazırda isə Türkiyə də daxil olmaqla bir çox ölkələrdə geniş istifadə olunur:
"Lakin bunun üçün vacib bir şərt var: şagird və müəllimlərin daşınmasını təmin edən xüsusi “daşımalı sistem. Əgər üç-beş kənd üçün bir məktəb yaradılacaqsa, mütləq dövlət tərəfindən avtobus xidməti təşkil olunmalıdır. Peşəkar sürücü, təhlükəsizlik üçün əlavə müşayiətçi müəllim təyin olunmalıdır. Bu təmin olunduğu halda heç kim etiraz etməz".
Qoşqar Məhərrəm vurğulayıb ki, xüsusilə aşağı sinif şagirdlərinin daşınması daha həssas məsələdir. Böyük siniflər üçün bu sistem daha rahat tətbiq olunsa da, ibtidai siniflərdə təhlükəsizlik tədbirləri gücləndirilməlidir:
"Düzgün təşkil olunmuş daşımalı sistem həm resurslardan səmərəli istifadə etməyə, həm də şagirdlərin daha keyfiyyətli təhsil almasına imkan verə bilər", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Qoşqar Məhərrəm,Təhsil, Məktəb,Təhsil ,Todaypress.tv,
