Tural Əhmədov: "Peşə tanınması imtahanında ibtidai sinif müəllimliyi üzrə namizədlərin 83 faizi uğursuz oldu"
Elm və Təhsil
26.12.2025 12:22
Peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə namizədlərin böyük əksəriyyəti uğursuz nəticə göstərib.
TodayPress TV xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına həsr olunmuş brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, sözügedən ixtisas üzrə peşə tanınması imtahanında iştirak edən namizədlərin 83 faizi keçid balını toplaya bilməyib. Belə ki, imtahana qatılan 6 nəfərdən yalnız 1-i uğurlu nəticə əldə edib, 5 nəfər isə uğursuz olub.
Tural Əhmədov bildirib ki, uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası və Gürcüstan ali təhsil müəssisələrinin məzunlarının payına düşür. İbtidai sinif müəllimliyi üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər Moskva Dövlət Pedaqoji Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, eləcə də Gürcüstanın İlia Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin məzunlarıdır. Keçid balını toplayan yeganə müraciətçi isə kvalifikasiyasını Türkiyə Respublikasının Bursa Uludağ Universitetində əldə edib.
Agentliyin sədri eyni zamanda “Hüquqşünaslıq” ixtisası üzrə keçirilən peşə imtahanının nəticələrinə də toxunub. O qeyd edib ki, bu ixtisas üzrə imtahanda iştirak edən 75 nəfərdən yalnız 37-si təqdim olunan 30 sualın ən azı yarısını düzgün cavablandıraraq kvalifikasiyaların tam – akademik və peşə – tanınması üzrə şəhadətnamə əldə edib.
Tural Əhmədovun sözlərinə görə, hüquqşünaslıq ixtisası üzrə də uğursuz nəticə göstərən müraciətçilərin əsas hissəsi Rusiya Federasiyası və Ukraynanın ali təhsil müəssisələrinin məzunlarıdır.
Jalə Rövşən
tag: Tural Əhmədov,TKTA ,Diplom ,Tanımaq,Universitet ,todaypress.tv,
