TKTA: Qeyri-formal və informal təhsilin tanınması üzrə müraciətlərin sayı 368-ə çatıb
Elm və Təhsil
26.12.2025 13:52
Cari il ərzində Qeyri-formal və informal təhsilin tanınması (QFİTT) sahəsində müxtəlif peşə ixtisasları üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ümumilikdə 368 müraciət daxil olub.
TodayPress TV xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatına görə, daxil olan müraciətlər əsasında 327 nəfər nəzəri və praktiki imtahanlara cəlb edilib.
Qiymətləndirmə nəticələrinə əsasən, 207 nəfər uğurlu nəticə göstərərək müvafiq peşə sənədi əldə edib.
Məlumata görə, QFİTT üzrə qiymətləndirmə və tanınma prosesi müxtəlif qurumlarla əməkdaşlıq çərçivəsində, eləcə də layihələr əsasında TKTA-nın maliyyə vəsaiti və şəxsi vəsait hesabına həyata keçirilib.
Belə ki, “bp Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə icra olunan “Sənətin varsa, sənədin olacaq!” layihəsi çərçivəsində 95 nəfər nəzəri imtahanlara cəlb olunub, onlardan 76-sı müsbət nəticə göstərərək peşə sənədi əldə edib. “Azerbaijan International Mining Company” MMC ilə əməkdaşlıq çərçivəsində keçirilən imtahanlarda isə 16 nəfər məqbul nəticə göstərib və onlara müvafiq sənədlər təqdim olunub.
“AzərGold” QSC-nin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək” layihəsi çərçivəsində 14 nəfər imtahanlarda iştirak edib və hamısı uğur qazanaraq müvafiq peşə sənədi ilə təmin olunub.
TKTA-nın maliyyə vəsaiti hesabına imtahanlara cəlb edilən 21 nəfərdən 6-sı, şəxsi vəsaiti hesabına müraciət edən 41 nəfərdən isə 30-u uğurlu nəticə göstərib.
Eyni zamanda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” çərçivəsində 141 nəfərin bilik və bacarıqları qiymətləndirilib, onlardan 66 nəfər müvafiq peşə sənədi əldə edib.
Qeyd olunur ki, cari ildə QFİTT üzrə “Təmirçi-çilingər”, “Qrafik dizayner”, “Arıçı”, “Kombi və kondisioner ustası”, “Mebel ustası” peşə ixtisaslarının əlavə olunması ilə qiymətləndirilməsi və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 26-dan 31-ə çatdırılıb.
Ümumilikdə, həyata keçirilən qiymətləndirmələr nəticəsində vətəndaşların peşəkarlığını təsdiq edən sənədlərlə təmin olunması onların əmək bazarına çıxış imkanlarını genişləndirməklə yanaşı, ölkədə peşəkar işçi qüvvəsinin formalaşmasına mühüm töhfə verir.
Jalə Rövşən
tag: TKTA ,Diplom ,Tanımaq,Universitet ,todaypress.tv,
