TKTA beynəlmiləlləşmə istiqamətində beynəlxalq fəaliyyətini genişləndirir

Elm və Təhsil

26.12.2025 13:57

Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Avropa təcrübəsinin öyrənilməsi məqsədilə bir sıra nüfuzlu beynəlxalq tədbir və layihələrdə fəal iştirak edib.

TodayPress TV xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib. 

Məlumata görə, TKTA Estoniyada Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) Baş Assambleyasında, eləcə də Belçikada Avropa Ali Təhsil üzrə Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) “SEQA-ESG II” layihəsinin bağlanış mərasimi və ENQA Baş Assambleyasında təmsil olunub.

Bununla yanaşı, Agentliyin əməkdaşları İspaniyada təşkil edilən “Özünütəhlil ilə əlaqədar ENQA Seminarı”nda, həmçinin SEQA-ESG II layihəsi çərçivəsində Serbiya Respublikası və Macarıstanda keçirilən təlim və heyət mübadiləsi proqramlarında iştirak ediblər. Sözügedən layihə Azərbaycan Respublikası, Serbiya Respublikası, Bosniya və Herseqovina və Ukraynada keyfiyyət təminatı agentliklərinin inkişafına dəstək məqsədi daşıyır.

Qeyd olunur ki, TKTA Avropanın qabaqcıl keyfiyyət təminatı agentliklərinin təcrübəsinin öyrənilməsini prioritet fəaliyyət istiqaməti kimi qiymətləndirir. Bu çərçivədə Agentliyin əməkdaşları Macarıstan, Moldova Respublikası və Xorvatiya Respublikasının müvafiq keyfiyyət təminatı agentliklərində heyət mübadiləsində iştirak edərək beynəlxalq təcrübəni öyrənmək və əldə olunan bilikləri bölüşmək imkanı qazanıblar.

Bundan əlavə, TKTA əməkdaşı qardaş ölkə Türkiyə Respublikasında Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) lisenziyası əsasında fəaliyyət göstərən milli proqram akkreditasiya qurumlarının təcrübəsinin öyrənilməsi məqsədilə EPDAD və FEDEK kimi agentliklərin proqram akkreditasiyası proseslərində iştirak edib.

Bildirilir ki, bu fəaliyyətlər TKTA-nın beynəlxalq nüfuzunun artırılmasına, eləcə də ölkədə ali təhsildə keyfiyyət təminatı mexanizmlərinin Avropa standartlarına uyğunlaşdırılmasına mühüm töhfə verir.

Jalə Rövşən

TodayPress TV

tag: TKTA,Agentlik,Tədbir,Layihə,Todaypress.tv,