Təhsil kreditinə müraciət hansı hallarda rədd edilir? — AÇIQLANDI
Elm və Təhsil
25.12.2025 11:37
Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində kredit müraciətlərinə imtina verilməsinin səbəblərinə aydınlıq gətirilib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatları Fondun İdarə heyətinin sədri Bəhruz Əzimov açıqlayıb.
Onun sözlərinə görə, imtinalar əsasən iki istiqamət üzrə formalaşır — sosial təhsil krediti və standart təhsil krediti mexanizmləri çərçivəsində.
Bəhruz Əzimov bildirib ki, sosial təhsil krediti üzrə imtina hallarının əsas səbəbi müraciət edən şəxsin qanunvericiliklə müəyyən edilmiş sosial status meyarlarına uyğun gəlməməsidir. Elektron sistem üzərindən aparılan yoxlamalar zamanı tələbənin sosial kateqoriyaya aidliyini təsdiqləyən göstəricilər uyğun gəlmədikdə müraciət rədd edilir.
Onun sözlərinə görə, standart təhsil kreditləri üzrə isə əsas meyar akademik göstəricilərdir. Belə ki, tələbənin Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin (ÜOMG) 71 baldan aşağı olması və ya akademik borcunun (kəsrinin) mövcudluğu kreditin rəsmiləşdirilməsinə mane olur.
B.Əzimov qeyd edib ki, həm sosial, həm də standart kreditlər üzrə tətbiq olunan bu yanaşma şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanır və bütün müraciətlər elektron sistem üzərindən avtomatik qiymətləndirilir.
O əlavə edib ki, Təhsil Tələbə Krediti Fondunun məqsədi kreditlərin əlçatanlığını təmin etməklə yanaşı, eyni zamanda təhsildə məsuliyyət və akademik keyfiyyət meyarlarının qorunmasına nail olmaqdır.
Qiymət Mahir
tag: Bəhruz Əzimov,TTKF,Hesabat,Təqdimat,Todaypress.tv,
