Təhsil krediti üzrə müraciətlərin təhsil səviyyələri üzrə bölgüsü AÇIQLANDI

Elm və Təhsil

25.12.2025 11:01

Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyəti üzrə hesabatda müraciətlərin təhsil səviyyələri üzrə bölgüsü təqdim olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik fəaliyyətinə dair hesabat tədbirində məlumat verib. 

Hesabat məlumatına əsasən, indiyədək ümumilikdə 70 393 müraciət rəsmiləşdirilib. Onların böyük hissəsi bakalavriat səviyyəsi üzrə olub.

Belə ki, müraciətlərin 48 797-si (69 faiz) bakalavriat səviyyəsində təhsil alanlara aiddir. Magistratura pilləsi üzrə 16 697 müraciət (24 faiz) qeydə alınıb. Orta ixtisas təhsili üzrə 4 403 müraciət (6 faiz), texniki peşə və YTP istiqamətləri üzrə isə 496 müraciət (1 faiz) rəsmiləşdirilib.

Hesabatda illər üzrə dinamika da əks olunub. Məlumata görə, 2021/2022-ci tədris ilində 5 794 bakalavr, 849 magistr və 171 orta ixtisas tələbəsi üzrə müraciət qeydə alınıb. 2022/2023-cü tədris ilində bu göstəricilər müvafiq olaraq 8 948, 3 208 və 574 təşkil edib.

2023/2024-cü tədris ilində müraciətlərin sayı artaraq bakalavriat üzrə 11 066, magistratura üzrə 5 006, orta ixtisas üzrə 973 nəfərə çatıb. 2024/2025-ci tədris ilində isə 13 945 bakalavr, 5 106 magistr və 1 514 orta ixtisas tələbəsi üzrə müraciət qeydə alınıb.

Cari hesabat dövründə (2025/2026 tədris ili üzrə təqdim edilən məlumatlara əsasən) müraciət sayı bakalavriat üzrə 9 044, magistratura üzrə 2 528, orta ixtisas üzrə 1 171, texniki peşə və YTP üzrə isə 240 nəfər təşkil edib.

Hesabatda vurğulanır ki, bu göstəricilər Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin genişlənməsini, xüsusilə ali təhsilin əlçatanlığının ildən-ilə artmasını və müraciətlərin strukturunda bakalavriat səviyyəsinin üstünlük təşkil etdiyini göstərir.

Qiymət Mahir

TodayPress TV

tag: Bəhruz Əzimov,TTKF,Hesabat,Təqdimat,Todaypress.tv,