Təhsil eksperti: “Orta məktəblərdə Çin dilinin tədrisinə real ehtiyac var”
Elm və Təhsil
30.12.2025 17:13
Biləsuvarda yerləşən Mübariz İbrahimov adına Təhsil Kompleksində Çin dilinin tədrisinə başlanması təhsil sahəsində yeni təşəbbüs kimi diqqət çəkir.
Təhsil eksperti Elçin Əfəndi TodayPress TV-yə açıqlamasında bildirib ki, bu addım həm şagirdlərin dil biliklərinin genişləndirilməsi, həm də qlobal dünyaya inteqrasiyası baxımından vacibdir.
Onun sözlərinə görə, hazırda Çin Xalq Respublikası ilə Azərbaycan arasında əlaqələr bütün sahələr üzrə genişlənir və dərinləşir:
"Çinlə iqtisadi və ticarət münasibətlərinin intensivləşməsi fonunda çindilli mütəxəssislərə olan ehtiyac getdikcə artır. İndiyədək ölkənin tam orta təhsil müəssisələrində Çin dili öyrədilmirdi, əsasən ali təhsil müəssisələrində regionşünaslıq, tərcümə, filologiya ixtisasları çərçivəsində tədris olunurdu. Lakin mövcud reallıqlar göstərir ki, artıq orta təhsil səviyyəsində də bu dilin öyrədilməsinə real ehtiyac yaranıb. Yeni yanaşmaya əsasən, şagirdlər xarici dil seçimində ingilis, fransız, alman və rus dilləri ilə yanaşı Çin dilini də seçə biləcəklər. Bəzi hallarda Çin dili əlavə xarici dil, bəzi hallarda isə birbaşa əsas dil kimi tədris olunacaq".
Ekspert qeyd edib ki, bu təşəbbüs gələcəkdə həm əmək bazarı, həm də Çinlə münasibətlərin inkişafı baxımından ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək:
"Qısamüddətli dövrdə təsiri dərhal hiss olunmasa da, orta və uzunmüddətli perspektivdə, təxminən 5 il sonra bu qərarın iki ölkə arasında əlaqələrin daha sürətli inkişafına ciddi stimul verəcəyi gözlənilir. Artıq bu gün Çin dilinin öyrənilməsinə real və praktiki ehtiyac mövcuddur".
Elçin Əfəndi vurğulayıb ki, Çin dilinin tədrisi yalnız ali təhsil səviyyəsi ilə məhdudlaşmayacaq, orta məktəblərdə mərhələli şəkildə tətbiq olunacaq və bir neçə məktəblə kifayətlənməyərək daha geniş əhatəyə malik olacaq.
Türkan İsgəndərli
tag: Elçin Əfəndi,Ekspert,Çin dili,Tədris,Todaypress.tv,
