SOS! Yoluxucu xəstəliklər yayılır: Məktəblərlə bağlı qərar nə olacaq?
Elm və Təhsil
05.01.2026 16:23
"Məktəblər təbiəti etibarilə kütləvi ünsiyyət məkanlarıdır və xüsusilə mövsümi yoluxucu xəstəliklərin yayıldığı dövrlərdə bu mühitdə risklərin artması qaçılmaz olur".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli deyib.

Onun sözlərinə görə, hazırda müşahidə olunan vəziyyət onu göstərir ki, məsələ təkcə təhsil prosesi ilə bağlı deyil, birbaşa uşaqların sağlamlığı və cəmiyyətin ümumi rifahı ilə əlaqəlidir:
"Valideynlərin narahatlığı da tam haqlıdır, çünki söhbət uşaqların gündəlik olaraq uzun müddət bir məkanda, sıx təmas şəraitində olmasından gedir. Bu nöqtədə təhsilə yanaşma daha çevik və situasiyaya uyğun olmalıdır. Biz distant təhsili ənənəvi təhsilin alternativi kimi deyil, zəruri hallarda tətbiq edilə bilən müvəqqəti və qoruyucu mexanizm kimi dəyərləndirməliyik. Əgər səhiyyə mütəxəssisləri konkret dövr üçün risklərin yüksək olduğunu bildirirsə, qısa müddətlik distant təhsilə keçid həm şagirdlərin sağlamlığının qorunması, həm də xəstəliklərin kütləvi yayılmasının qarşısının alınması baxımından real və əsaslandırılmış seçim ola bilər".
Ekspert vurğulayıb ki, burada balansın qorunması çox vacibdir, belə ki, distant təhsilə keçid bütün ölkə üzrə avtomatik tətbiq edilməməli, epidemioloji vəziyyətə uyğun olaraq regional və mərhələli şəkildə dəyərləndirilməlidir:
"Hər məktəbin, hər bölgənin vəziyyəti eyni deyil. Bəzi hallarda siniflərin müvəqqəti bağlanması, hibrid təhsil modeli və ya dərs cədvəllərinin çevik təşkili daha effektiv nəticə verə bilər. Vacib məqamlardan biri də odur ki, distant təhsil artıq bizim üçün tamamilə yad bir anlayış deyil. Son illərin təcrübəsi göstərdi ki, düzgün planlama və nəzarət olduqda qısa müddətli distant təhsil tədris prosesində ciddi boşluqlar yaratmadan tətbiq oluna bilər. Burada əsas məsələ keyfiyyətin qorunması, müəllim–şagird əlaqəsinin itməməsi və valideynlərin prosesə düzgün şəkildə cəlb edilməsidir".
Əmrah Həsənli hesab edir ki, şagirdlərin sağlamlığı hər zaman birinci yerdə dayanmalıdır:
"Əgər mövcud şərait bunu tələb edirsə, təhsildə çevik yanaşma göstərmək, müvəqqəti distant təhsilə keçidi bir risk yox, qoruyucu və məsuliyyətli addım kimi qiymətləndirmək lazımdır. Əsas məqsəd təhsili dayandırmaq deyil, onu təhlükəsiz şəkildə davam etdirməkdir".
Qeyd edək ki, hazırda uşaqlar arasında müxtəlif yoluxucu xəstəliklər yayılıb. Xüsusilə məktəblərdə sıx təmasın mövcudluğu xəstəliklərin daha geniş miqyasda yayılması riskini artırır.
Türkan İsgəndərli
tag: Əmrah Həsənli ,Ekspert,Məktəb,Xəstəlik,Todaypress.tv,
