Sədr: “Fonda daxil olan 120 mindən çox müraciət cavablandırılıb”

Elm və Təhsil

25.12.2025 10:47

Təhsil Tələbə Krediti Fonduna daxil olan vətəndaş müraciətlərinin sayı və onların cavablandırılması ilə bağlı statistik göstəricilər açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə həsr olunmuş hesabat təqdimatında məlumat verib.

Onun sözlərinə görə, indiyədək Fondun ofisində 1500-dən çox vətəndaşa birbaşa xidmət göstərilib. Eyni zamanda, Elektron müraciət sistemi (DMS) üzərindən 196 müraciətə, Təhsil Məlumat Sistemi (TMS) vasitəsilə isə 122 müraciətə baxılaraq cavablandırılıb.

Bəhruz Əzimov bildirib ki, vətəndaşlarla operativ əlaqənin təmin olunması məqsədilə çağrı mərkəzi və ofis xətti vasitəsilə ümumilikdə 45 min 906 zəng qəbul edilib.

Fond sədrinin sözlərinə görə, sosial media platformaları üzərindən də vətəndaşlarla aktiv ünsiyyət qurulub. Belə ki, “Instagram”, “Facebook”, “YouTube”, “TikTok” və “WhatsApp” kanalları vasitəsilə 120 mindən çox sorğu cavablandırılıb.

O vurğulayıb ki, bu göstəricilər Təhsil Tələbə Krediti Fondunun şəffaflıq, əlçatanlıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan fəaliyyətinin real nəticələrini əks etdirir və gələcəkdə bu istiqamətdə işlərin daha da genişləndirilməsi nəzərdə tutulur.

Qiymət Mahir

TodayPress TV

tag: Bəhruz Əzimov,TTKF,Hesabat,Təqdimat,Todaypress.tv,