Səbuhi Rzayev: “Peşə və orta ixtisas təhsilində yeni inkişaf mərhələsi başlayır”
Elm və Təhsil
25.12.2025 11:25
“Təhsil Tələbə Krediti mexanizmi yalnız ali təhsili deyil, orta ixtisas və peşə təhsilini də əhatə edir”.
TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son dövrlərdə bu sahədə həyata keçirilən islahatlar və struktur dəyişiklikləri yeni inkişaf mərhələsinin başlandığını göstərir.
Səbuhi Rzayev bildirib ki, Prezident İlham Əliyevin dekabr ayının əvvəlində imzaladığı sərəncamla 2030-cu ilədək 21 peşə təhsil müəssisəsinin yenidən qurulması, 2 peşə təhsil müəssisəsinin isə əsaslı təmir edilməsi nəzərdə tutulur. Bu qərar peşə təhsilinin infrastrukturunun gücləndirilməsi və keyfiyyətin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Nazirlik rəsmisi vurğulayıb ki, həyata keçirilən tədbirlər nəticəsində orta ixtisas və peşə təhsili alan, eləcə də kredit mexanizmindən yararlanan tələbələrin sayının artacağı gözlənilir.
O, həmçinin Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Qarabağ Universiteti, Türkiyə–Azərbaycan Universiteti və İtaliya–Azərbaycan Universiteti kimi yeni ali təhsil müəssisələrinin gələcəkdə ölkədə ali təhsilin keyfiyyətinə mühüm töhfə verəcəyini qeyd edib.
Qiymət Mahir
tag: Səbuhi Rzayev,TTKF,Hesabat,Təqdimat,Todaypress.tv,
