Repetitor asılılığı məktəbləri "boşaldır": Məktəblərdə qayıb böhranı dərinləşir
Elm və Təhsil
19.11.2025 13:56
Son günlər sosial mediada bəzi məktəblərdə sinif jurnallarında qayıb sayının kəskin artdığı, şagirdlərin dərslərə davamiyyətinin minimum həddə düşdüyü ilə bağlı paylaşımlar yayılıb. Valideynlər və müəllimlər vəziyyətin getdikcə daha da ağırlaşdığını bildirirlər.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, problemin əsas kökü repetitor hazırlığı sistemindədir:

"Şagirdlərin dərsə getməməsinin başlıca səbəbi repetitor hazırlığına yönləndirilmədir. Xüsusilə yuxarı siniflərdə davamiyyət demək olar ki, çox aşağıdır. Bu problemin qarşısını almağın ən effektiv yolu qəbul imtahanı modelinin dəyişdirilməsidir ki, repetitor asılılığı aradan qalxsın".
Ekspertin sözlərinə görə, məktəbdə əldə olunan bilik əsasında ali məktəbə qəbul mümkün olsa, şagirdlər təhsil müəssisəsində dərslərə daha ciddi yanaşar və davamiyyət avtomatik yüksələr:
"Əgər şagird məktəbdə aldığı biliklə qəbul ola biləcəyinə inanarsa, təbii ki, dərsə davamiyyəti də artır. Repetitor asılılığı qalarsa, bu problemi aradan qaldırmaq mümkün deyil".
Mütəxəssis əlavə edib ki, bəzi hallarda müəllimlərin də şagirdlərin dərsdən çıxmasına icazə verməsi prosesi dərinləşdirir. Bu isə həm çarəsizlikdən, həm də maraq toqquşmasından qaynaqlanır:
"Valideynin müəllimlə danışığı, məktəb rəhbərliyinin mövqeyi müəyyən hallarda müəllimi məcbur edir ki, şagirdi dərsdən buraxsın. Eləcə də bəzi müəllimlər özləri də hazırlıq keçdikləri üçün şagirdin dərsdən getməsində maraqlı olurlar. Bu, neqativ təcrübədir və şagird məktəb dərsini buraxıb müəllimin hazırlığına gedir. Problemin köklü həlli yalnız sistem dəyişikliyindən keçir. Repetitor hazırlığı aradan qalxsa, qəbul imtahanı modeli dəyişilsə və fənlərin sayı azaldılsa, tədris prosesi məktəbin özündə bərpa olunar. Bu zaman həm davamiyyət, həm də təhsilin keyfiyyəti yüksələr".
Elçin Əfəndi qeyd edib ki, davamiyyət problemi öz-özünə həll olmayacaq. Yalnız struktur dəyişiklikləri neqativ tendensiyanı dayandıra bilər.
Türkan İsgəndərli
tag: Elçin Əfəndi,Ekspert,Məktəb,Qayıb,Todaypress.tv,
