Qış sessiyası başladı: İmtahanlara hazırlaşanların DİQQƏTİNƏ!

Elm və Təhsil

05.01.2026 17:15

Artıq ali təhsil müəssisələrində qış sessiya imtahanları start götürüb. Bu dövrdə tələbələrin bilik səviyyəsi yoxlanılır, nəticələr isə həm akademik göstəricilərə, həm də təqaüd imkanlarına birbaşa təsir edir. Lakin bir çox tələbə imtahanlara son gecədə hazırlaşmağa üstünlük verir.

Bəs imtahanlara necə hazırlaşmaq lazımdır?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, effektiv nəticə üçün hazırlıq yalnız imtahan günlərinə yaxın deyil, semestrin əvvəlindən başlamalıdır:


"Tələbələr semestr ərzində keçirilən kollekviumlarda və aralıq qiymətləndirmələrdə aktiv iştirak etməlidirlər. Çünki bu nəticələr yekunda imtahan balı ilə birləşərək ümumi qiyməti formalaşdırır. Tələbə düşünməməlidir ki, 60 və ya 65 balla semestri başa vurmaq kifayətdir. Əsas məqsəd ümumi müvəffəqiyyət göstəricisini yüksək saxlamaq olmalıdır. Bunun üçün 85-90, hətta 95 bal hədəflənməlidir".

Ekspert qeyd edib ki, yüksək orta müvəffəqiyyət göstəricisi tələbələrin gələcək karyera və təhsil imkanlarında mühüm rol oynayır:

"Bu göstərici növbəti təhsil pillələrində, xüsusilə xarici universitetlərə müraciət zamanı böyük üstünlük yaradır. Xaricdə ali məktəblər tələbələrin transkriptinə və ümumi orta müvəffəqiyyət balına ciddi diqqət yetirirlər. Eyni zamanda, əmək bazarında uğur qazanmaq istəyən gənclər öz ixtisasını dərindən mənimsəməli və imtahanlarda minimum 85 baldan yuxarı nəticə göstərməyə çalışmalıdırlar".

Mütəxəssisin fikrincə, planlı və ardıcıl hazırlıq həm imtahan stresini azaldır, həm də biliklərin uzunmüddətli yadda qalmasına şərait yaradır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ramin Nurəliyev,Ekspert,Qış sessiyası,İmtahan,Todaypress.tv,