Qarabağın beyin mərkəzi: Qarabağ Universiteti 2 yaşında
Elm və Təhsil
28.11.2025 16:18
"Qarabağ Universitetinin yaradılmasından iki il ötməsi təkcə yeni ali təhsil müəssisəsinin formalaşması kimi deyil, uzun işğal dövrünün ağır nəticələrindən sonra bölgənin intellektual bərpasının başlanğıcı kimi qiymətləndirilməlidir".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib.

Onun sözlərinə görə, Böyük Qayıdış proqramının əsas dayaqlarından biri insan kapitalının yenidən qurulmasıdır və Qarabağ Universiteti bu baxımdan həm ali təhsil, həm də mədəni-sosial mühitin yenidən qurulmasında strateji bir mərkəz funksiyası daşıyır:
"Universitetin fəaliyyət istiqamətlərinə nəzər salsaq, ilk növbədə, yeni ixtisasların açılması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı modeli və beynəlxalq standartlara uyğun tədris mühiti diqqəti cəlb edir. Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı, turizm, ekosistem idarəetməsi, texnoloji mühəndislik, müəllim hazırlığı kimi istiqamətlər prioritetdir və universitet tədris proqramlarında bu sahələrə üstünlük verilməsi bölgənin gələcək inkişaf dinamikasına birbaşa təsir göstərəcək. Bu gün Qarabağ təkcə torpaq deyil, həm də beyinlərin, ideyaların və elmi innovasiyaların mərkəzinə çevrilməlidir və universitet bu hədəfə aparan əsas platformadır".
Ekspert əlavə edib ki, universitetin akademik xəttində əmək bazarına uyğun yeni ixtisaslar, beynəlxalq standartlara əsaslanan tədris modeli və modern təhsil mühiti diqqət çəkir.
"Qarabağ Universitetinin başqa üstün cəhəti təhsilin yalnız nəzəri deyil, praktik fəaliyyətlə inteqrasiya edilməsidir. Aqroparklar, tədqiqat mərkəzləri, startap zonaları, beynəlxalq layihələr və universitet–sənaye əməkdaşlığı bu ali məktəbin inkişaf yolunu müəyyənləşdirir. Gənclərin bölgədə həm təhsil alması, həm də fəaliyyət göstərməsi Qarabağın iqtisadi və mədəni dirçəlişinə yeni nəfəs verəcək".
Əmrah Həsənli vurğulayıb ki, universitetin gələcək uğurları yalnız rəqəmlərlə deyil, yaradacağı elmi mühitlə ölçüləcək. Onun fikrincə, yaxın illərdə Qarabağ Universitetinin regional və beynəlxalq ali məktəblərlə geniş əməkdaşlığa başlaması, tədqiqat məktəblərinin yaranması və “Qarabağ” brendli elmi məhsulların meydana çıxması real perspektivlər sırasındadır. Tələbə sayının artması ilə universitet ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilə bilər.

Qeyd edək ki, Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Əsas məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasından ibarətdir.
Universitet 1969-cü ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun binasında fəaliyyət göstərir.
Türkan İsgəndərli
tag: Əmrah Həsənli ,Ekspert,Qarabağ,Universitet,Todaypress.tv,
