Pedaqoji fakültələrin sayı azaldılır: “Keçid balları artacaq, keyfiyyət yüksələcək”

Elm və Təhsil

20.11.2025 16:55

Elm və Təhsil naziri Emin Əmrullayev son çıxışlarında pedaqoji ixtisasların, eləcə də bəzi digər ixtisasların sayının azaldılacağını, hətta bəzi ali məktəblərdə ixtisarların ola biləcəyini qeyd edib.

Təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə universitetlərdə pedaqoji fakültələrin sayının azaldılması ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.


Onun sözlərinə görə, pedaqoji ixtisasların sayının azalması artıq zərurətə çevrilib. Çünki hazırda bəzi pedaqoji ixtisaslara 200-300 bal aralığında keçid balı formalaşır ki, bu da çox aşağı göstəricidir:

"Keçid balının aşağı olması nəticəsində həmin ixtisaslara savadlı kadrlar cəlb olunmur. Nəticədə universiteti bitirənlər məktəblərə gələndə müəyyən problemlər yaranır".

Ekspertin fikrincə, ixtisasların sayının azaldılması pedaqoji sahəyə marağı olan, daha yüksək bal toplayan abituriyentlərin seçimini stimullaşdıracaq:

"Əgər təklif həyata keçsə, keçid balları avtomatik yüksələcək. Pedaqoji ixtisası həqiqətən istəyən, məsələn 500 bal toplayan abituriyentlər həmin ixtisaslara yönələcək. Bu isə gələcəkdə məktəblərə daha savadlı və motivasiyalı müəllimlərin gəlməsinə səbəb olacaq".

Ramin Nurəliyev əlavə edib ki, nazirliyin bu yanaşmasının məqsədi də məhz müəllim hazırlığının keyfiyyətini artırır:

"Hesab edirəm ki, ixtisasların azalması həm keçid balını artıracaq, həm də nəticədə orta məktəblərdə müəllim keyfiyyəti yüksələcək. Mən bu yanaşmanı tam dəstəkləyirəm. Pedaqoji ixtisaslara təsadüfi müraciətlərin qarşısı alınarsa, müəllimlik peşəsi daha rəqabətli və nüfuzlu sahəyə çevriləcək".

Türkan İsgəndərli

TodayPress TV

tag: Ramin Nurəliyev,Ekspert,Universitet,Təhsil,Todaypress.tv,