Nazirdən mediaya: "Ya bu fərqi görməyiblər, ya da görsələr də..."
Elm və Təhsil
21.11.2025 14:18
"Müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol oynayır. İstənilən iş müzakirə edilərsə, daha təkmil olar. Çünki atalarımızın dediyi kimi, ağıl ağıldan üstündür. Xüsusilə ictimai maraq və əhəmiyyət kəsb edən məsələlərin ictimai müzakirəsi Elm və Təhsil Nazirliyi olaraq hər zaman dəstəklədiyimiz bir yanaşmadır. Amma təəssüf ki, hələ də bu sahədəki xoş niyyətimiz arzuedilən nəticələr vermir".
TodayPress TV xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında bildirib.
O, son günlər geniş müzakirələrə səbəb olan təklif edilmiş islahatların mahiyyətindən söz açıb:
"Mahiyyəti ondan ibarətdir ki, 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə müəllimlərin maaşı saathesabı əsasda hesablanmaqla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərə könüllü əsasda ölkə üzrə orta əməkhaqqından 2 dəfə çox əməkhaqqı təklif edilməklə həftədə 30-36 saatlıq tamştat əsasında da əməkhaqqı hesablansın.
Müzakirələr zamanı əsas problem kimi 3 məqamı xüsusi vurğulamaq istərdim.
Əvvəla, ən təəccüb doğuran və məntiqsiz görünən məqam odur ki, təklif olunan fikirlər bir kənarda qalır, cəmiyyət isə məsələyə heç bir aidiyyəti olmayan (və ya mövzudan xəbərsiz) şəxslərin uydurduğu və ya təhrif etdiyi fikirləri müzakirə etməyə başlayır. Məsələn, “müəllimlərin əməkhaqqı sistemi saathesabı sistemdən tamştatlı sistemə keçməlidir” fikri “müəllimlər axşam saat 6-ya qədər işdə qalacaqlar” fikri kimi təhrif olunur və bütün müzakirələr bu təhrif edilmiş (və bayağı) fikir əsasında aparılır. Buna görə də xahiş edirik ki, təklif nədirsə, onu müzakirə edək, təhrif edilmiş fikirlər Elm və Təhsil Nazirliyinə aid olmadığı üçün müzakirə etməyək.
İkinci məsələ isə müzakirələr zamanı əsas fikri detallardan ayıra bilməməkdir. Əsas fikir yuxarıda qeyd edilib. Əgər bu yaxşı fikirdirsə və məqbul hesab edilirsə, detalları sonra da müzakirə etmək olar. Məsələn, “bu islahatı etmək üçün infrastruktur yoxdur” və ya “uzaq məsafədən müəllim necə işə gəlib gedəcək” kimi məqamlar əsas fikir yox, detaldır. Əgər əsas fikir bəyənilirsə, bu halda detalları da müzakirə etmək olar. Yox, əgər əsas fikir səhvdirsə, onda detalları müzakirə etmək mənasızdır.
Digər məqam isə hörmətli media nümayəndələrimizin təqdim edilən məlumatların içərisindən detalları ayırıb neqativ xəbər kimi verməsi həvəsidir".
Nazir qeyd edib ki, televiziyada həm də 1589 manat alan müəllimlərin sayının 210 manat maaş alan müəllimlərin sayından ən azı 4 dəfə çox olduğu açıqlanıb. Ancaq media mənsublarımız hər hansı səbəbdən bu fərqi ya görməyiblər, ya da görsələr də paylaşmaq istəməyiblər:
"Bu, sadəcə bir misaldır, bu cür neqativə köklənmiş davranışın arxasında hansı sosial-psixoloji səbəblərin dayandığını isə yəqin ki, sahə mütəxəssisləri araşdırmalıdırlar.
Bu məqamlara toxunmağı vacib bildim, təbii ki, ictimai müzakirə aparmaq özü bir bacarıq tələb edir. Zamanla inanıram ki, bu istiqamətdə də müsbət irəliləyiş olacaq. Əsas odur ki, nikbin olmaq lazımdır – bu gün təhsil sistemində mənfidən daha çox müsbət proseslər baş verir".
Türkan İsgəndərli
tag: Emin Əmrullayev,Nazir,Facebook,Paylaşım,Todaypress.tv,
