Kimlər dil kursu aça bilər? - QAYDALAR SƏRTLƏŞDİRİLMƏLİDİR

Elm və Təhsil

05.11.2025 16:42

Son günlər təhsil sahəsində fırıldaqçılıq halları artmaqdadır. Belə hallarda vətəndaşlardan əvvəlcədən ödəniş tələb olunur, lakin sonradan həmin təşkilatlarla əlaqə kəsilir, ünvanlar bağlanır və təqdim edilən sənədlərin saxta olduğu üzə çıxır. 

Bəzi hallarda isə saxta diplomların satışı, attestatların qanunsuz verilməsi və xarici universitetlər adından saxta sənədlərin hazırlanması kimi faktlar müşahidə olunur.

Bəs kimlər dil kursu aça bilər? Fırıldaqçılıq hallarının qarşısını almaq üçün bu sahədə fəaliyyət qaydaları sərtləşdirilə bilər?  

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı TodayPress TV-yə bildirib ki, hazırda ölkədə istənilən şəxs müvafiq qeydiyyatdan keçməklə hazırlıq və ya dil kursu aça bilər. 

Onun sözlərinə görə, bu fəaliyyət növü sahibkarlıq subyekti hesab olunur və dövlət qeydiyyatından keçən şəxslər vergiləri ödəyərək fəaliyyət göstərə bilirlər:

"Bu artıq kiçik sahibkarlıq elementi hesab olunur. Burada hansısa sərtləşdirmə və ya əlavə şərtlərin tətbiqi hazırda mümkün deyil. Fırıldaqçı şəxsləri erkən mərhələdə müəyyənləşdirmək isə çətindir". 

Təhsil eksperti vurğulayıb ki, dil kursları və xaricdə təhsil adı ilə fəaliyyət göstərən fırıldaqçı şirkətlərə tez-tez rast gəlinir:

"Hər il, xüsusilə də yay aylarında belə mövsümi şirkətlər yaranır. Xaricdə təhsil və ya dil kursları adı altında vətəndaşları aldadırlar. Düşünürəm ki, bu istiqamətdə ayrıca qanun layihəsi hazırlanarsa və ya bu sahəyə cavabdeh qurum formalaşarsa, məsuliyyət daha da artar".

Elçin Əfəndinin fikrincə, bu kimi kurslara nəzarət mexanizminin yaradılması dələduzluq halları ilə mübarizədə mühüm rol oynaya bilər.

Eyni zamanda, o, bu məsələdə cəmiyyətin də rolu olduğunu bildirib:

"Təəssüf ki, cəmiyyət daha çox bloggerlərə və müğənnilərə diqqət göstərir, elm və təhsil adamlarına isə maraq azdır. Nəticədə belə fırıldaqçılar da onların vasitəsilə tanınır. Cəmiyyət inkişaf edib dəyərlər formalaşdıqda, insanlar artıq bu şəxslərin dələduz olduqlarını fərqləndirməyi bacaracaqlar", - deyə mütəxəssis fikrini sonlandırıb.

Türkan İsgəndərli

tag: Elçin Əfəndi ,Təhsil eksperti ,Fırıldaqçılıq ,Kurs,Todaypress.tv,

photo