İş saatına görə əməkhaqqı müəllimlərin maaşına təsir edəcək?

Elm və Təhsil

06.11.2025 16:47

Milli Məclisin iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərdə müəllimlərin əməkhaqlarının artıq dərs saatına deyil, ümumi iş saatına görə müəyyənləşdirilməsi nəzərdə tutulur. 



Yeni modelin tətbiqi ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu TodayPress TV-yə açıqlamasında bildirib ki, iş saatına əsaslanan sistem müəllim fəaliyyətini daha geniş miqyasda qiymətləndirməyə imkan verir:

"Hazırda müəllimin əməyinin dəyəri əsasən sinifdə keçdiyi dərs saatı ilə ölçülür. Halbuki müəllim yalnız dərs demir. O, dərsə hazırlaşır, şagirdlərlə fərdi işləyir, qiymətləndirmə aparır, valideynlərlə ünsiyyətdə olur və məktəbin ictimai həyatında iştirak edir. Bu fəaliyyətlərin heç biri indiyə qədər əməkhaqqı sistemində tam nəzərə alınmırdı".

Ekspertin fikrincə, sistemin uğurlu olması üçün dəqiq normativ baza və monitorinq mexanizmləri yaradılmalıdır:

"Əgər müəllimin məktəbdə keçirdiyi iş saatı real fəaliyyətlə deyil, formal hesabatlarla ölçülərsə, bu sistem kağız üzərində qalacaq. Müəllim iş saatını doldurmaq üçün məktəbdə vaxt keçirsə, amma bu, nəticəyə təsir etməsə, dəyişiklik məqsədini itirər".

Rizvan Fikrətoğlu vurğulayıb ki, bu modelin uğuru inzibati nəzarətin şəffaflığına, müəllimlərin hazırlıq səviyyəsinə və məktəblərin idarəetmə müstəqilliyinə birbaşa bağlı olacaq:

"Əgər məqsəd müəllimin əməyini dəyərləndirməkdirsə, bu sistem təhsil sahəsində keyfiyyət dəyişikliyinə səbəb ola bilər. Amma məqsəd sadəcə texniki dəyişiklikdirsə, müəllimlər bundan fayda görməyəcək", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Müəllim,Əməkhaqqı,Saat,Təhsil,Todaypress.tv,