Hüquqşünaslıq üzrə xarici kvalifikasiyaların tanınması imtahanında müvəffəqiyyət 49 faizdir
Elm və Təhsil
26.12.2025 14:05
“Hüquqşünaslıq” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə tanınması imtahanında namizədlərin müvəffəqiyyət göstəricisi 49 faiz təşkil edib.
TodayPress TV xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatına görə, agentliyin sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən “Hüquqşünaslıq” ixtisası üzrə təşkil olunan peşə tanınması imtahanında iştirak edən 75 nəfərdən yalnız 37-si uğurlu nəticə göstərib.
Namizədlər təqdim edilən 30 sualdan azı yarısına düzgün cavab verməklə TKTA tərəfindən kvalifikasiyalarının tam – akademik və peşə tanınması üzrə şəhadətnamə əldə ediblər.
Məlumata görə, uğursuz nəticə göstərən müraciətçilərin əsas hissəsi Rusiya Federasiyası və Ukraynanın ali təhsil müəssisələrinin məzunlarının payına düşür. Belə ki, 19 dekabr 2025-ci il tarixində DİM tərəfindən keçirilən imtahanda Rusiya Federasiyası ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə müraciət edən 37 nəfərdən 22-si, Ukrayna ali təhsil müəssisələrinin məzunları olan 29 nəfərdən isə 16-sı imtahandan uğursuz nəticə ilə çıxıb.
“Hüquqşünaslıq” ixtisası üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər əsasən Rusiya Federasiyası üzrə Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti, MİREA–Rusiya Texnoloji Universiteti, A.Qriqoryeviç və N.Qriqoryeviç Stoletovlar adına Vladimir Dövlət Universiteti, Altay Dövlət Universiteti, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti, Y.Mudrıy adına Milli Hüquq Universiteti, T.Şevçenko adına Kiyev Milli Universiteti, Avropa Universiteti, Gömrük və Maliyyə Universiteti, Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin məzunlarıdır.
Qeyd edilib ki, 19 dekabr 2025-ci il tarixində keçirilən imtahanda “Hüquqşünaslıq” ixtisası üzrə Türkiyə Respublikasının Ankara və Bahçeşehir universitetlərinin tələbələri 30 sualdan 27-sinə düzgün cavab verərək ən yüksək nəticə əldə ediblər. Eyni zamanda, sözügedən ixtisas üzrə Türkiyə ali təhsil müəssisələrinin məzunu olan və imtahanda iştirak edən bütün müraciətçilər uğur qazanıb.
Aparılan təhlillər isə göstərir ki, peşə imtahanında uğursuz nəticə əldə edən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə aparılmadan, yalnız tam orta təhsil haqqında sənəd əsasında qəbul olunan müraciətçilərdir.
Jalə Rövşən
tag: TKTA,Akademik,Tanınma,Proses,Todaypress.tv,
