Ekspert: “Dərsliklər şagirdlərin yaşına uyğun deyil”

Elm və Təhsil

10.12.2025 15:21

Təhsil naziri Emin Əmrullayevin “Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil” açıqlamasından sonra tarix və biologiya fənləri üzrə yeni dərsliklərin hazırlanacağı bildirilib.


Məsələ ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, problem yalnız iki fənlə məhdudlaşmır, ümumilikdə orta məktəb proqramlarında ciddi uyğunsuzluqlar var:

"Tarix və biologiya yox, mənə görə, əksər fənlərdə proqramlar ciddi şəkildə dəyişməlidir. Xüsusilə yuxarı siniflərdə vəziyyət yaxşı deyil. Proqramın qəbul imtahanına uyğunlaşdırılması mütləqdir. Hal-hazırda yuxarı sinif şagirdlərinin məktəbdən yayınmasının əsas səbəbi də budur".


Ekspert əlavə edib ki, bir çox fənlər üzrə yuxarı siniflərdə tədris olunan mövzular ümumi qəbul proqramının çox kiçik hissəsini təşkil edir:

"Məsələn, 10-11-ci sinifdə riyaziyyat fənninin sadəcə 5-10 faizi tədris olunur. Azərbaycan dili fənnində də eyni vəziyyətdir. Qalan mövzular aşağı siniflərə paylanıb. 5-ci sinifdə keçilən mövzunu 11-ci sinifdə şagird xatırlamır. Bu səbəbdən uşaqlar məktəbdən yayınır, kənar hazırlığa üz tutur".

Ramin Nurəliyev qeyd edib ki, dərsliklərin çətinliyi şagirdləri əlavə hazırlığa məcbur edir:

"5-ci sinifin dərsliyinə baxırsan ki, sinif səviyyəsinə uyğun deyil. 6-cı sinifdə də eyni vəziyyətdir. İbtidai sinif dərslikləri isə ümumiyyətlə həddindən artıq çətindir. Bu çətinliklərə görə şagirdlər əlavə dəstək almağa məcbur olur. Repetitorluğun əsas səbəbi də budur".


Onun sözlərinə görə, kurikulum sistemi tətbiq edilərkən proqramlar həddindən artıq ağırlaşdırılıb və bu da nəticədə şagirdlərin məktəbdən uzaqlaşmasına gətirib çıxarıb. Ekspert çıxış yolunu proqramların köklü şəkildə yenilənməsində görür:

"Mütləq bütün fənlər üzrə proqram sadələşdirilməlidir. Yuxarı siniflərdə isə ali məktəbə qəbul proqramına uyğunlaşdırmaq vacibdir. Əks halda, eyni problemlər davam edəcək. Həmçinin imtahan və tədris sistemi illərdir getdikcə çətinləşdirilir, lakin bu, təhsilin keyfiyyətini artırmır. Biz çətinləşdirməklə heç nə öyrətmirik, əksinə, problemləri artırırıq. Ona görə də hər bir fənn üzrə proqram yenilənməli, daha səmərəli və əlçatan edilməlidir".

R.Nurəliyev hesab edir ki, sadələşdirilmiş və uyğunlaşdırılmış proqramlar tətbiq olunsa, həm şagirdlərin məktəbə marağı artar, həm də təhsildə real nəticələr əldə edilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ramin Nurəliyev,Kurikulum,Şagird,Dərs,Todaypress.tv,