Dil müəllimliyinə tələbat artır: "Müəllimlik peşəsinə daha hazırlıqlı gənclər gəlir"
Elm və Təhsil
12.12.2025 15:51
Son illərdə orta ixtisas təhsili müəssisələrində dil müəllimliyi ixtisasına qəbul ballarında ciddi artım müşahidə olunur. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, son dörd ildə bu ixtisasa qəbul balı 410-dan 490-a yüksəlib.
Bu dinamikanın arxasında hansı səbəblər dayanır?
Məsələ ilə bağlı təhsil eksperti Əmrah Həsənli TodayPress TV-yə açıqlamasında bildirib ki, dil müəllimliyinə artan maraq təsadüfi deyil və həm dövlət siyasətinin, həm də cəmiyyətin dəyişən təhsil baxışının nəticəsidir:

"Dil müəllimliyinə olan tələbin son illərdə bu qədər artması təsadüfi proses deyil. Bu, həm ölkəmizin təhsil strategiyasının uğurlu nəticəsidir, həm də cəmiyyətin təhsilə yanaşmasında baş verən keyfiyyət dəyişiminin göstəricisidir. Qəbul ballarının 410-dan 490-a yüksəlməsi onu göstərir ki, artıq müəllimlik peşəsinə daha hazırlıqlı, daha motivasiyalı gənclər gəlir".
Ekspertin sözlərinə görə, dövlətin ana dilinin qorunması, nitq mədəniyyətinin inkişafı və kommunikativ bacarıqların gücləndirilməsinə yönəlmiş siyasəti bu sahəni daha strateji istiqamətə çevirib:
"Cəmiyyət artıq anlayır ki, dil müəllimi sadəcə bir fənnin tədrisçisi deyil. O, düşüncənin formalaşdırıcısıdır. Dil insanın dünyanı anlamaq, təhlil etmək və özünü ifadə etmək bacarığının əsas alətidir. Qlobal dəyişikliklər də dil ixtisaslarına marağın artmasına təsir göstərir. Ana dili milli kimlik üçün, xarici dillər isə beynəlxalq inteqrasiya və rəqabətqabiliyyəti üçün vacib faktora çevrilib".
Mütəxəssisin fikrincə, dil müəllimliyinə artan maraq sadəcə statistik yüksəliş deyil, dövlətin insan kapitalına uzunmüddətli sərmayəsinin göstəricisidir:
"Daha yüksək bal toplayan gənclərin bu sahəyə gəlməsi gələcəkdə daha savadlı və analitik düşünən nəsil formalaşdıracaq. Bu, həm təhsilimizin, həm də dövlətimizin strateji məqsədlərinə xidmət edir".
Türkan İsgəndərli
tag: Təhsil,Dil,Müəllimlik,İxtisas,Todaypress.tv,
