Dərs saatları artırılır: Şagird və müəllimlərin taleyi necə olacaq?

Elm və Təhsil

09.12.2025 15:35

"Son illərdə Azərbaycan dili fənni üzrə şagirdlərin həm buraxılış, həm də blok imtahanlarında əldə etdiyi nəticələr gözlənilən səviyyədə olmayıb. Bu amili nəzərə alaraq, həm Azərbaycan bölməsi, həm də digər bölmələrdə Azərbaycan dili dərs saatının müəyyən qədər artırılması vacibliyi yaranıb".

Bu fikirləri TodayPress TV-yə danışan təhsil eksperti Elçin Əfəndi bildirib. 


Onun sözlərinə görə, Azərbaycan dili dərs saatlarının artırılması şagirdlərin ana dilini daha dərindən mənimsəməsi üçün mühüm addımdır:

"Azərbaycan dili üzrə imtahan nəticələrinin ürəkaçan olmaması göstərir ki, fənnin tədris yükü gücləndirilməlidir. Dərs saatlarının artırılması doğma dilin həm nəzəri, həm də praktiki tətbiqində yüksək nəticələr əldə etməyə imkan verəcək".

Ekspert hesab edir ki, bu addım yalnız şagirdlərin deyil, müəllimlərin də nəticələrinə müsbət təsir göstərəcək:

"Qarşıdakı illərdə həm ibtidai sinif müəllimlərinin, həm də Azərbaycan dili müəllimlərinin akademik göstəricilərində artım müşahidə olunacaq. Dərs saatlarının artırılması keyfiyyətin yüksəlməsinə xidmət edən vacib elementdir".

Elçin Əfəndi sonda vurğulayıb ki, qərar təhsilin real tələbatından doğur və ana dilinin daha yüksək səviyyədə öyrədilməsinə yönəlib.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışı zamanı tədris planlarında Azərbaycan dili üzrə dərs saatlarının artırılacağını deyib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Elçin Əfəndi,Ekspert,Dərs saatı,Artım,Todaypress.tv,