BDU TTK üzrə ən çox bağışlanma tətbiq edilən ali məktəbdir

Elm və Təhsil

25.12.2025 11:11

Təhsil Tələbə Krediti Fondu üzrə ən çox bağışlanma tətbiq edilən ali təhsil müəssisələri arasında Bakı Dövlət Universiteti ilk sırada qərarlaşıb.

TodayPress TV xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik fəaliyyətinə dair hesabat tədbirində açıqlayıb.

Onun sözlərinə görə, 50 faiz bağışlanma tətbiq edilən ali təhsil müəssisələri sırasında Bakı Dövlət Universiteti (BDU) ilk yerdə qərarlaşıb. Bu ali məktəb üzrə 136 müqavilə bağlanıb və 104 318,38 manat vəsait bağışlanıb.

Bildirilib ki, növbəti yerlərdə Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin Qazax filialı yer alıb.

Məlumata görə, 25 faiz bağışlanma tətbiq edilən ali təhsil müəssisələri arasında da BDU liderdir. Bu kateqoriya üzrə 354 müqavilə bağlanıb və 98 742,88 manat məbləğində vəsait bağışlanıb. Ardınca Azərbaycan Texniki Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Gəncə Dövlət Universiteti gəlir.

Hesabatda, həmçinin, ixtisaslar üzrə göstəricilər də təqdim olunub. Qeyd olunub ki, 50 faiz bağışlanma tətbiq edilən ixtisaslar sırasında biznesin idarə edilməsi, hüquqşünaslıq, iqtisadiyyat, dövlət və ictimai münasibətlər, pedaqogika, maliyyə və filologiya ön sıralardadır.

Eyni zamanda 25 faiz bağışlanma tətbiq edilən ixtisaslar arasında biznesin idarə edilməsi, hüquqşünaslıq, menecment, beynəlxalq münasibətlər, psixologiya, iqtisadiyyat və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi yer alır.

Bəhruz Əzimov vurğulayıb ki, bu göstəricilər Təhsil Tələbə Krediti Fondunun sosial yönümlü mexanizmlərinin real nəticələrini əks etdirir və gənclərin təhsil yükünün azaldılmasına xidmət edir.

Qiymət Mahir

TodayPress TV

tag: Bəhruz Əzimov,TTKF,Hesabat,Təqdimat,Todaypress.tv,