Azərbaycan yeni təhsil modelinə keçə bilər?
Elm və Təhsil
02.12.2025 16:56
2026-cı il sentyabrın 1-dən Rusiya universitetləri yeni ali təhsil modelinə keçəcək. Bu ölkədə bakalavr pilləsi ləğv olunur və təhsil iki səviyyədə – ali və ixtisaslaşdırılmış ali təhsil formatında davam edəcək.
Rusiyanın bu addımı Azərbaycanda da ali təhsil sistemində mümkün dəyişikliklərin gündəmə gələ biləcəyi ilə bağlı suallar yaradıb.
Mövzuya münasibət bildirən təhsil eksperti Rizvan Fikrətoğlu TodayPress TV-yə açıqlamasında bildirib ki, bir ölkənin təhsil modelindən digərinə kəskin keçid uğursuz nəticələr yarada bilər:

"Rusiyadakı yeni sistem sırf mütəxəssis hazırlığına yönəlib. Bu model sovet təhsili ilə müasir təhsilin sintezini xatırladır. Məqsəd həm beynəlxalq standartlara uyğunlaşmaq, həm də innovasiyaları təşviq edərək təhsilin keyfiyyətini artırmaqdır. Amma bir təhsil sistemindən digərinə keçmək böyük araşdırma tələb edir, əks halda uğursuzluq qaçılmazdır".
Ekspert əlavə edib ki, Azərbaycanda hazırkı ali təhsil sistemində əsas problemlərdən biri bakalavr dövründə tələbələrə həddindən artıq sayda lazımsız fənlərin tədris edilməsidir.
"Bu, tələbələrin ixtisasa yönəlməsini çətinləşdirir. Biz əvvəlcə mövcud sistemi təkmilləşdirməliyik. İxtisasla bağlı dərslərin azlığı tələbənin peşəkar inkişafına mane olur”.
Rizvan Fikrətoğlu hesab edir ki, universitetlər tələbələri praktikaya hazırlamır:
"Universitetlər yalnız nəzəri bilik verir. Tələbələr nə təlimlərə, nə də treninqlərə yönləndirilir. Sadəcə diplom təqdim olunur və vəssalam. Bu, yanlış yanaşmadır. Ali məktəblər iş dünyası ilə sıx əməkdaşlıq etməli və tələbələrə praktik bacarıqlar qazandırmalıdır. SSRİ dövründə və sonrakı illərdə Azərbaycanın təhsil sistemi Rusiyanın təsiri altında olub və bu modelin izləri hələ də qalır".
Türkan İsgəndərli
tag: Rizvan Fikrətoğlu,Ekspert,Elm,Təhsil,Todaypress.tv,
