"Ayrılan vəsaitin bir qismi Elmin İnkişaf Fondu tərəfindən xərclənməyib" - Millət vəkili
Elm və Təhsil
03.12.2025 10:55
“Son onilliklərdə dövlətin elm siyasətinə dair qəbul edilmiş konsepsiya, proqram və qərarların əhəmiyyətini vurğulamaqla yanaşı, xüsusilə “2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın elmi reallıqları açıq şəkildə ortaya qoymasını ayrıca qeyd etmək lazımdır”.
TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda keçirilən dəyirmi masada deyib.
O qeyd edib ki, strategiyada yer alan fikirlər elmi mühitin problemlərini düzgün qiymətləndirib:
“Sənəddə deyilirdi: “Elmi mühit müasir dövrün tələblərinə tam cavab vermir, gənc nəsildə xüsusən fundamental və tətbiqi elmlərə maraq azalıb, cəmiyyətdə elmin və alimin nüfuzu zəifləyib… Elmlər doktorları və elmlər namizədlərinin yaş tərkibi təhlükəli həddə çatan qocalma tendensiyasından xəbər verir…Elmi təşkilatların əsas fondlarındakı avadanlıqların yaşı 20 ildən artıqdır".
Deputat qeyd edib ki, elm haqqında müzakirələrdə maliyyələşmə məsələsi ən çox qabardılan mövzuya çevrilir. Müqayisə üçün o, Avstriyanın 2024-cü ildə elmə 16 milyard avro – ÜDM-in 3,4 faizi həcmində vəsait ayırdığını, bunun “tədqiqat intensivliyi” baxımından rekord göstərici olduğunu vurğulayıb. Azərbaycanda isə son illərdə ÜDM-in 0,3–0,5 faizi elm xərclərinə yönəldilir. 2020-ci ildə elmə 193 milyon manat, 2024-cü ildə isə 197 milyon manat ayrılıb. Həmçinin əvvəlki illərdə ayrılan vəsaitin bir qisminin Elmin İnkişaf Fondu tərəfindən xərclənməyib geri qaytarılması məsələsinin də geniş müzakirə olunduğunu xatırladıb.
Zahid Oruc bildirib ki, maliyyə amili vacib olsa da, elmin inkişafını yalnız büdcə ilə ölçmək doğru deyil:
“Elmdə real yüksəliş insan kapitalı, şəffaf idarəçilik və sağlam elmi mühit olmadan mümkün deyil.”
O əlavə edib ki, narahatlıq doğuran daha bir tendensiya ölkədən kənara getmədən yaşanan “daxili beyin köçü”dür. Sosial Tədqiqatlar Mərkəzinin 2024-cü ildə elmi müəssisələrdə apardığı sosioloji tədqiqatlar göstərib ki, alimlərin 39,7 faizi intellektual miqrasiyanı, 38,9 faizi kadr və karyera imkanlarını, 34,6 faizi isə alimin ictimai imicini elmin əsas problemləri sırasında görür.
Qiymət Mahir
tag: Zahid Oruc,STM,Elm,İnkişaf,Todaypress.tv,
