Akkreditasiya tələbləri yumşaldıldı: Universitetlər üçün hansı imkanlar yaranacaq?
Elm və Təhsil
05.12.2025 17:46
“Təhsili müəssisələrinin akkreditasiyası üçün tələb olunan bal həddinin aşağı salınması tamamilə müsbət qərardır və bu addım həm mövcud universitetlər, həm də gələcəkdə fəaliyyətə başlayacaq ali təhsil müəssisələri üçün əlavə motivasiya yaradacaq”.
Bunu təhsil eksperti Elmin Nuri TodayPress TV-yə danışarkən deyib.

Ekspert əlavə edib ki, universitetlərin sayı azdır, tələbə sayı da kifayət qədər deyil.
“Biz bir tərəfdən deyirik ki, universitet sayı artsın, digər tərəfdən balların azalmasına etiraz edirik. Halbuki keyfiyyətin təmin olunması üçün akkreditasiya balı tək həlledici amil deyil. Yeni yanaşma ali məktəblərin fəaliyyətində daha çevik və real qiymətləndirmə mexanizmi yarada bilər. Yumşaldılan tələblər universitetlərin akkreditasiyadan keçməsini asanlaşdırmaqla yanaşı, onlara inkişaf üçün vaxt və imkan tanıyacaq. Akkreditasiya yalnız bal deyil, ümumi idarəetmədən tutmuş tədrisin keyfiyyətinə qədər geniş bir prosesdir. Balların aşağı endirilməsi keyfiyyətin düşməsi anlamına gəlmir”.
Onun sözlərinə görə, cəmiyyətin gözləntiləri ilə reallıq arasında ziddiyyət yaranıb:
“Son vaxtlar qaydaların sərt olduğundan şikayət edən çoxlu sayda ekspert və təhsil işçisi görürdüm. İndi isə ballar aşağı salındığı üçün başqa bir kəsim narazılıq edir. Bəs nə istəyirik, sərt qaydalar, yoxsa yumşaq?”.
Elmin Nuri vurğulayıb ki, akkreditasiyadan keçməyən universitetlər fəaliyyətlərini qanunvericiliyin müəyyən etdiyi çərçivədə ya məhdudlaşdırmalı, ya da qeyd olunan çatışmazlıqları aradan qaldırmaq üçün vaxt alaraq yenidən müraciət etməlidirlər:
“İllik qiymətləndirmə mexanizmləri və təkrar akkreditasiya prosedurları vasitəsilə təhsil müəssisələrinin fəaliyyəti nəzarətdə saxlanılacaq. Dəyişikliklər ali təhsildə rəqabəti artırmaqla yanaşı, yeni ali təhsil təşəbbüslərinin yaranmasına da şərait yaradacaq”.
Qeyd edək ki, təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı qaydalara edilən dəyişikliklər son günlər təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Yeni qərara əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üçün tələb olunan bal həddi aşağı salınıb. Bundan sonra maksimum bal hər bir meyar üzrə indikatorların sayı və həmin indikatorlar üçün müəyyən edilən maksimum bal əsasında hesablanacaq.
Türkan İsgəndərli
tag: Elmin Nuri,Ekspert,Akkreditasiya,Universitet,Todaypress.tv,
